D.Savelyev: Son illər Azərbaycan qonşu dövlətlərin maraqlarının yaxınlaşması mərkəzinə çevrilir

Moskva, 3 oktyabr, AZƏRTAC

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşüb.
- Sizcə, Bakı Beynəlxalq Humanitar Forumu nə kimi əhəmiyyət daşıyır?
- Fikrimcə, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyət üçün aktual olan geniş problemlər dairəsi, o cümlədən ekologiya, əhali çoxluğu, yoxsulluq və ksenofobiya üzrə fikir mübadiləsi aparmaq üçün ən mühüm diskussiya platformalarından biridir. Forumun əsas mövzusu, zənnimcə, mədəniyyətlərarası dialoqun yaradılmasıdır. Çünki dünyada cərəyan edən hadisələr nikbinlik üçün əsas vermir. Terrorizm qlobal təhlükəyə çevrilir, dini və milli gərginlik mərkəzlərinin sayı artır. Bir neçə ildir ki, biz qlobal miqrasiya proseslərinin şahidi oluruq. Münaqişələr nəticəsində öz vətənini tərk edən insanların sayı 60 milyon nəfərdən çoxdur.
Müxtəlif mədəniyyətlərin nümayəndələri planetin taleyinin asılı olduğu məsələləri həll etmək üçün öz səylərini birləşdirməzsə, sivilizasiyamız təhlükəli vəziyyətə düşə bilər. Təsadüfi deyil ki, Forumda dövlət və ictimai xadimlərdən başqa, 13 Nobel mükafatı laureatı – kəşfləri ilə tarixi irəliyə aparan insanlar iştirak edib.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev öz nitqində çox obrazlı dedi: “Multikulturalizmin dünyada çox ünvanları var və onlardan biri Azərbaycandır”. Mən isə əlavə edə bilərəm ki, əvvəllər adlandırdığımız “xalqlar dostluğu” Azərbaycanda həmişə mövcud olub. Sivilizasiyaların kəsişməsində, qədim Şərq ənənələri və Qərb tərəqqisinin qovuşduğu nöqtədə yerləşən ölkəyə tarixin özü əməkdaşlıq və qarşılıqlı anlaşma ərazisi olmağı nəsib edib.
Bilirik ki, Azərbaycan torpağında əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələri sülh şəraitində yaşayıb və bu proses davamlı inkişaf etdir. Radikal islamçılıq kursu götürmüş bir sıra müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan dünyəvi dövlət statusunu saxlayır, tam fərqli mədəniyyətlər və adət-ənənələrə malik insanların maraqları arasında tarazlığı tapa bilir. Məgər bu, Azərbaycanda zamanla sınanan tolerantlıq modelinin planetin müxtəlif yerlərində uğurla tətbiq edilə biləcəyinə sübut deyilmi?!
- Forumda Azərbaycanın adı sürətlə inkişaf edən ölkələr sırasında çəkildi. Sizcə, Azərbaycana belə sürətlə irəliləməmək imkanı verən nədir? Sizin fikrinizcə, hazırda Rusiya və Azərbaycan arasında münasibətlər necə inkişaf edir?
- Bu il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan üçün xüsusilə əlamətdar hadisə - müstəqilliyinin bərpasının 25 illiyi ilə eyni vaxta təsadüf edir. Forumun iştirakçılarını təbrik edən Prezident İlham Əliyev bu barədə danışarkən vurğuladı: “Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir”.
Seçici fəallığının 70 faiz təşkil etdiyi, Konstitusiyaya təklif olunmuş 29 dəyişikliyin hər birinin 80-90 faiz səs aldığı referendumun nəticələri bunu bir daha sübut edir. Ölkə üçün ən vacib məsələlərin həllində demokratik yolla gedən dövlət xalqın rəyi ilə hesablaşır. Öz növbəsində, insanlar dövlətə etimad krediti verir. Çünki Konstitusiyaya bütün dəyişikliklər sabitliyə, təhlükəsizliyə, hər cür “rəngli inqilablar”ın qarşısının alınmasına istiqamətlənib.
Son 25 ildə ölkədə və dünyada vəziyyət çox dəyişib, dövlət quruculuğunda zəngin təcrübə toplanıb, Konstitusiya mexanizminin təkmilləşdirilməsi zərurəti yaranıb və bu da təbiidir. Şəxsən məni deputatlığa və prezidentliyə namizədlər üçün aşağı yaş senzinin aradan qaldırılması çox sevindirdi. Bu, gənc nəslin siyasi fəaliyyətini stimullaşdırır. Azərbaycan sürətlə inkişaf edən ölkədir və onun gələcəyini məhz gənclər müəyyən etməlidir.
Qlobal rəqabətqabiliyyətlilik reytinqində Azərbaycan hazırda MDB ölkələri arasında liderlik edərək 37-ci yeri tutur. Cəmi 13 ildə ümumi daxili məhsulunu üç dəfə artıran Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Buna görə də işgüzar əlaqələr ölkələrimiz arasında münasibətlərin bazisidir. Bizi təkcə qarşılıqlı ticari təchizat və investisiyalaşdırmanın artımı deyil, həm də bazar təcrübəsi birləşdirir. Rusiya və Azərbaycan post-neft dövrü yaşayır. Bu dövr dünya bazarlarında rəqabətqabiliyyətliliyi artırmaq üçün iqtisadi islahatlar tələb edir.
Lakin uğurlu əməkdaşlıq üçün təkcə iqtisadi fayda kifayət deyil. Daha sıx əlaqələr mənəvi yaxınlıq, ortaq tarix və ortaq dəyərlərin olduğu yerdə formalaşır. Azərbaycanın müstəqillik əldə etməsindən sonra rusdilli məktəblərin və Rusiya ali təhsil müəssisələrinin filiallarının, eləcə də rus dilində danışan insanların sayı azalmayıb, əksinə, artıb. Bu, Azərbaycanın Rusiyanı etibarlı və uzunmüddətli tərəfdaş hesab etdiyini təsdiqləyir. Öz növbəsində, Azərbaycan Rusiyaya qarşılıqlı hörmət və milli maraqların mütləq prioritet olduğu bərabərhüquqlu dialoqa daim hazır olması ilə yaxındır.
Son illərdə Azərbaycan geosiyasi mövqeyi ilə bağlı qonşu dövlətlərin maraqlarının yaxınlaşması mərkəzinə daha çox çevrilir və bu da ölkələrimiz arasında qarşılıqlı əlaqələri stimullaşdırır. Rusiya və Qazaxıstan, Türkiyə və İran daha çox Azərbaycanın sülhsevər mövqeyi sayəsində ümumi təmas nöqtələri tapır. Azərbaycan mehriban qonşuluq və kooperasiyanın ziddiyyətlər və təcridlənməkdən daha məhsuldar olduğunu sübut edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva