Qırğızıstanın nümayəndə heyəti Türk Mədəniyyəti və İrsi Fondunda

Bakı, 30 sentyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Qırğızıstanın Baş nazirinin müavini Gülmirə Kudayberdiyevanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun yaranması, məqsəd və vəzifələri barədə məlumat verib. Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdıran G.Əfəndiyeva qeyd edib ki, türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyaya təqdim etmək Fondun əsas hədəflərindəndir. Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasında mədəniyyətin, ədəbiyyatın, mədəni irsin təbliğini reallaşdırır. “Fond öz fəaliyyətini digər türkdilli və beynəlxalq təşkilatların təcrübəsindən istifadə edərək onlarla əməkdaşlıq yolu ilə həyata keçirir”, - deyə G.Əfəndiyeva əlavə edib. O, həmçinin genetik bağlılığı və ortaq mədəni dəyərləri olan türk xalqları arasında ədəbiyyat və incəsənət sahəsində əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
G.Əfəndiyeva Qırğızıstan Prezidenti Almazbek Atambayevin də qatıldığı Çolpan-Ata şəhərində keçirilmiş 2-ci Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirakından məmnunluğunu ifadə edib. Sivilizasiyalara xas idman növlərinin, mədəniyyət və ənənələrinin təbliği, eləcə də türkdilli xalqların birliyinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından Dünya Köçəri Oyunlarının əhəmiyyətini vurğulayan G.Əfəndiyeva tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan dövlətini və xalqını təbrik edib.
G.Əfəndiyeva, eyni zamanda, Azərbaycanda mövcud olan multikultural mühitdən də bəhs edib. Azərbaycanın artıq dünyada tolerantlıq nümunəsi kimi tanındığı qonaqların diqqətinə çatdırılıb.
Qırğızıstanın Baş nazirinin müavini Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışaraq onun bütövlükdə türk dünyasının birliyinə və həmrəyliyinə töhfə verəcəyini deyib. G.Kudayberdiyeva ölkəsinin Fonda lazım olan köməyi göstərməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.