Vyetnam mədəniyyət sahəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa hazırdır

Bakı, 30 sentyabr, AZƏRTAC
Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Vyetnamın Xarici İşlər Nazirliyinin mədəniyyət diplomatiyası və UNESCO-nun işləri üzrə idarəsinin baş direktoru Fam San Çayın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 30-da Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi fondun məqsəd və vəzifələri, gələcək fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Təsisçiləri isə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstandır.
G.Əfəndiyeva bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması türk dünyası üçün böyük bir töhfədir. O qeyd edib ki, fondun yaradılmasında məqsəd türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Fondun prezidenti qonaqlara əsrlərə dayanan zəngin tariximizin, dinimizin, dilimizin, adət-ənənələrimizin və mənəvi dəyərlərimizin olduğunu bildirib.
Bakıya səfərlərindən məmnunluğunu ifadə edən Fam San Çay Vyetnamın bir çox sahələrdə, o cümlədən mədəni irs sahəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə, həmçinin türkdilli dövlətlərlə Asiya dövlətlərinin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.