AMEA-nın prezidenti: Azərbaycan dünyaya multikulturalizmin alternativinin olmadığını nümayiş etdirir

Bakı, 30 sentyabr, Günel Məlikova, AZƏRTAC
Azərbaycan artıq beşinci dəfədir ki, dünya ölkələri sırasında multikulturalizm, tolerantlıq, humanizm baxımından mühüm arenaya çevrilir.
Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusunda “dəyirmi masa”da iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AZƏRTAC-a müsahibəsində deyib.
AMEA-nın prezidenti qeyd edib ki, Forum vasitəsilə Azərbaycan dünyaya multikulturalizm, humanizm və tolerantlığın alternativinin olmadığını nümayiş etdirir. Bütün dünyada tüğyan edən münaqişələrin, terrorizmin fonunda insanlar "gələcək qorxusu" içərisində yaşayırlar. Bu baxımdan Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, mütəxəssislərin bir araya gəlməsi beynəlxalq miqyasda insanların sülh, qardaşlıq, multikultural şəraitdə yaşamasını təbliğ edir.