Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar

Bakı, 30 sentyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan birində “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu müzakirə edilib.
“Dəyirmi masa”da ABŞ, İtaliya, Rusiya, Qazaxıstan, Meksika, Avstriya və digər ölkələrdən alimlər, Nobel mükafatı laureatları iştirak ediblər.
“Dəyirmi masa”nın moderatoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nazim Məmmədov Forumun əhəmiyyətini vurğulayaraq bildirib ki, bu mötəbər tədbir Azərbaycanın dünya ilə dialoqudur. Beşinci Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif ölkələrindən alimlərin, ictimai-siyasi xadimlərin və ziyalıların müzakirə aparmaları üçün önəmli platformadır.
Alim deyib ki, transformasiyalar, dəyişmələr bəşəri dəyərlərə, dünyəvi prinsiplərə uyğun olmaqla yanaşı, həm də ölkə maraqlarına cavab verməlidir. “Dəyirmi masa”nın əsas işi dünyadakı müxtəlif baxışları, müxtəlif yanaşmaları müzakirə edərək ortaq dəyərləri tapmaqdan ibarətdir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında tədbirin əsas məqsədinin yüzlərlə insanın bir araya gələrək siyasətin, elmin, iqtisadiyyatın müxtəlif problemlərinin müzakirəsi və bu məsələlərin həllinə kömək etmək olduğunu bildirib. Qeyd olunub ki, XXI əsrdə yaşamağımıza baxmayaraq dünyada bir çox insan multikulturalizm modelindən uzaqdır. İnsanların siyasi, elmi, iqtisadi problemlər səbəbindən bir-birindən ayrılmasına şahid oluruq. Dünyada insanların hələ də elektrik enerjisindən, təhsildən təcrid vəziyyətdə, qida yoxsulluğu şəraitində yaşadığını görürük. Biz bu problemlərin həlli istiqamətində görüləcək işlərin müzakirəsi üçün bir araya gəlmişik. Azərbaycan artıq beşinci dəfədir ki, dünya ölkələri arasında multikulturalizm, tolerantlıq, humanizm baxımından mühüm arenaya çevrilir. Forum vasitəsilə Azərbaycan dünyaya multikulturalizmin, humanizmin və tolerantlığın alternativinin olmadığını nümayiş etdirir. Bütün dünyada tüğyan edən münaqişələrin, terrorizmin fonunda insanlar “gələcək qorxusu” içərisində yaşayırlar. Bu baxımdan Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, alimlərin, mütəxəssislərin bir araya gəlməsi beynəlxalq miqyasda insanların sülh, qardaşlıq, multikultural şəraitdə yaşamasını təbliğ edir.
“Dəyirmi masa”nın mövzusundan danışan AMEA-nın prezidenti deyib ki, gələcəyi qurmaq üçün əməkdaşlığa, dialoqa böyük ehtiyac var. Artıq beşinci ildir ki, keçirilən Bakı Forumu dünya miqyasında böyük əhəmiyyət daşıyır. Forum humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilib. Bu forumların işində dünyanın siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər. Diqqəti cəlb edən digər xüsusiyyət Forumun yüksək səviyyədə təşkilidir.
Azərbaycan xalqının milli mənəvi dəyərlərindən söz açan akademik A.Əlizadə Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizin tarixi inkişaf mərhələlərindən, son illərdəki sürətli inkişaf tempindən, hər zaman sülhü dəstəkləməsindən danışıb.
Akademik bildirib ki, qloballaşmanın çağırışları olduqca yenidir. Qloballaşma şəraitində, ənənəyə münasibətdə dayanıqlılıq, davamlılıq mühüm prinsiplərdəndir. Dayanıqlı olmayan, möhkəm milli kökə söykənməyən və ardıcıl olaraq davam edib vətəndaşlıq hüququ qazana bilməyən ənənələr qloballaşma dövrünün tələblərinə cavab verə bilməz. Azərbaycanda həmişə, bütün əsrlər boyu dayanıqlı və möhkəm ənənələr olub.
Tədbirin ilk çıxışçısı, fizika üzrə Nobel mükafatı laureatı Corc F.Smut “Bizim çağırışları əks etdirən elmi-texniki inkişaf perspektivləri” mövzusundakı çıxışında müasir dünyada elektrik enerjisinin idarə olunması, elektrikin paylanması və düzgün istifadə edilməsi məsələlərindən söz açıb. Alim bu sahədə dünyanın qabaqcıl bazarlarındakı vəziyyəti müqayisəli təhlil edib.
Nobel mükafatçısı deyib ki, xərclənən vəsait böyük vəsaitdir və enerji mənbələrini, yeni texnologiyaları əhatə edir. Qarşıdakı onillikdə texnologiyalar daha da inkişaf edəcək. Əsas dəyişikliklərdən biri paylaşma iqtisadiyyatı ilə bağlıdır. İqtisadi məsələlər ictimai inkişafın bünövrəsində durur və iqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyil. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə var. Bu baxımdan “dəyirmi masa”da müzakirə edilən məsələlər böyük əhəmiyyət daşıyır.
Meksikanın “The News” qəzetinin baş redaktoru Tereza Anna Marqolis “N-ci tərtib terror” mövzusunda məruzəsində dünyada terror aktlarının artmasından, nüvə materiallarının terrorçuların əlində daha çox toplanmasından danışıb. O deyib ki, nüvə silahları sülh və əmin-amanlıq üçün böyük təhlükə yaradır. Terror qruplaşmaları tərəfindən gözlənilən bu təhlükənin qarşısının alınması üçün dünyanın mütərəqqi qüvvələri səylərini birləşdirməlidirlər.
ABŞ-ın “Heritic” Fondunun Katrin və Şelbi Kallm Deyvis adına İnstitutunun nümayəndəsi Ariel Koen “Texnologiyalar və proqnozlar: XXI əsrin əsas sosial və siyasi çağırışları” mövzusunda məruzəsində ABŞ-da və müxtəlif ölkələrdə hazırlanan, məlumat toplanması məqsədlərinə xidmət edən proqramlardan söz açıb. O deyib ki, bu məlumatlar məhsullar və yaxud fərdlər barədə ola bilər. Bu, sosial müharibələrin infrastrukturu ilə bağlıdır. Kiber müharibəsi təhlükəsi realdır. Müxtəlif təhlükəli proqramlar bizim infrastrukturumuzu məhv edə bilər. Ona görə də bu proqramların qarşısı alınmalıdır.
İtaliyalı senator Canluka Kastaldi “Gələcək bərpa olunan enerjilərə məxsusdur” mövzusunda məruzəsində enerji mənbələrindən düzgün istifadənin vacibliyini vurğulayıb.
Sonra Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin təmsilçisi Reza Talebi-Daryani “2001-2015-ci illər TEMPUS layihələrinin ən yaxşı nümunəsi: azərbaycanlı tələbələrin Bolonya prosesinə uyğun olaraq tədris və tədqiqat təcrübələrini artırmaq məqsədilə Avropa universitetləri ilə birgə fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan danışıb. Azərbaycandakı son TEMPUS layihəsinin 2012-2016-cı illəri əhatə etdiyini söyləyən R.Talebi-Daryani əsas məqsədin ali məktəblərdəki laboratoriyaların tədris üçün gücləndirilməsi olduğunu vurğulayıb. Bildirilib ki, Bolonya prosesinin əsas məqsədi isə tədris prosesini Avropa təhsil standartlarına uyğunlaşdırmaqdır.
“Dəyirmi masa”da italiyalı mütəxəssis xanım Karmen Lasorella “Arzu edilən gələcək üçün əldə edilmiş texnologiyalar və insan kapitalı”, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun nümayəndəsi, kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus “F1-ARPase fermentinin birmolekullu tədqiqi: nəzəriyyə və təcrübə ilə müqayisə”, Rusiyanın “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin təmsilçisi Yaroslav Ştrombax “Rusiyada nüvə enerjisinin dayanıqlı və təhlükəsiz inkişafı”, Avstriyanın Beynəlxalq Hüquq və Qlobal Siyasi Araşdırmalar Mərkəzinin sədri Anis Bayrektareviç “İqlim dəyişməsinin geosiyasəti: Kvant buddizminin gələcəyi”, Qazaxıstanın Təhlil və Proqnoz Mərkəzinin nümayəndəsi Kazbek Kazkenov “Gələcək: verifikasiya, çağırışlar və çoxmədəniyyətlilik”, Bakı Dövlət Universitetinin əməkdaşı Şahin Məmmədov “Elementar zərrəciklərin güclü qarşılıqlı təsirinin holoqrafik dualizmi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın prezidenti, akademik A.Əlizadə “dəyirmi masa”ya yekun vuraraq səmərəli müzakirələrin aparıldığını, dəyərli fikir və təkliflərin səsləndirildiyini söyləyib.
“Dəyirmi masa”nın sonunda V Bakı Beynəlxalq Forumunun Bəyannaməsi qəbul olunub.