Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev Forumun əhəmiyyətindən danışaraq deyib: “İlk dəfə olaraq bu mövzu ətrafında müzakirələr aparılacaq. Qaçqınlar və məcburi köçkünlər arasında insan kapitalının qorunması olduqca vacib məsələdir. Hazırda dünyada münaqişələr və böhranlar artmaqdadır. Milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətindədir. Bunun nəticəsində yoxsulluq artır. Belə şəraitdə ümumi yanaşmaların axtarılması məqsədilə BMT tərəfindən cari ilin mayında İstanbulda Dünya Humanitar Sammiti keçirilib. Həmin tədbirdə qaçqınlar və məcburi köçkünlərin problemləri ətraflı müzakirə edilib”.
“Dəyirmi masa”da “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” qısametrajlı filmi nümayiş etdirilib.
Daha sonra mövzu ilə bağlı çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bugünkü “dəyirmi masa” olduqca mühüm məsələyə həsr edilib. Son illər dünyada müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir. Bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur olan və ağlasığmaz fəlakətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumata görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. Bu da 20 il bundan əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə artıqdır.
Komitə sədri qeyd edib ki, münaqişələr nəticəsində insanların kütləvi yerdəyişməsi dünyanın ayrı-ayrı regionlarında davamlı inkişafa mane olur. Belə ağır şəraitdə ən başlıca vəzifələrdən biri insan kapitalını qorumaq üçün qətiyyətli, düşünülmüş addımların atılmasıdır. Hökumətlərin buna hazır olması və müvafiq addımların atılması vəziyyətdən daha az ziyanla çıxmağa imkan verə bilər.
“1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanda aparılan etnik təmizləmə, Azərbaycanın 20 faiz ərazisinin işğalı və digər ölkələrdən qaçqınların ölkəmizə miqrasiyası nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranıb. Bunlardan 250 mini Ermənistandan olan qaçqınlar, 700 min nəfəri Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin düşmüş məcburi köçkünlər, 50 mini Orta Asiyadan və 15 mini isə digər ölkələrdən gəlmiş qaçqınlardır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bu insanların hüquqları kobud şəkildə pozulub və onların həllini gözləyən bir çox problemləri mövcuddur. Ən ciddi təhdidlərdən biri insan kapitalına olan təhdidlər idi. Ona görə də Azərbaycanın bu ağır şəraitdə atdığı addımların əsas istiqamətlərindən biri məhz bu sərvətin qorunması olub”, - deyə Baş nazirin müavini bildirib.
Əli Həsənov qeyd edib ki, ölkəmizin ərazisinin 20 faizi hələ də işğal altındadır, burada yaşayış məskənləri, sosial infrastruktur, tarixi, mədəni abidələr, bir sözlə, hər şey dağıdılıb. Ölkə iqtisadiyyatına təxmini hesablamalara görə, 500 milyard dollardan çox ziyan vurulub. Münaqişə zamanı otuz mindən çox soydaşımız həyatını itirib.
On milyon əhaliyə malik, gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, bir milyon 200 min nəfərdən çox qaçqın, məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Lakin 500 milyon əhalisi olan Avropa isə bir milyon qaçqın və miqrantın əlində girova çevrilib.
Diqqətə çatdırılıb ki, 25 ildən çox keçməsinə baxmayaraq, münaqişə həll olunmur, tarixi haqsızlıq davam edir. “BMT, ATƏT, Avropa Şurası, İƏT və digər beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qərar və qətnamələri icrasız qalır. ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə vermir. Ermənistan atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq mülkü əhaliyə, yaşayış məskənlərinə atəş açır”, - deyə Əli Həsənov vurğulayıb.
Bolqarıstanın vitse-prezidenti Marqarita Popova bildirib ki, insan kapitalının qorunub saxlanması dünya üçün çox vacibdir. Bərabərsizlik, ədalətsizlik, humanitar böhranlar doğrudan da bizim işimizi çətinləşdirir. Bu insanların mühafizəyə ehtiyacları var. Bakıda keçirilən forumlar – humanitar və qlobal Bakı forumları bu baxımdan çox önəmlidir. Biz birgə çalışmalı, bu ədalətsizliklərə, qanunsuzluqlara “yox” deməliyik.
BMT-nin baş katibinin müavini xanım Cihan Sultanoğlu Forumun təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, davamlı, dayanıqlı inkişafa nail olmaq üçün belə məsələlərin müzakirəsi, problemlərin həlli böyük əhəmiyyət daşıyır. Hazırda dünyada 21 milyon insan məcburi köçkün, 22 milyon insan qaçqın, 23 milyondan çox insan isə sığınacaq axtaranlardır.
Problemin həlli üçün beynəlxalq ictimaiyyət bütün səylərini birləşdirməlidir.
BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə köməkçisi Rəşid Xalikov bildirib ki, bu problemlərin həllində beynəlxalq təşkilatlar da müəyyən öhdəliklər götürməlidirlər. Bu gün burada səslənən statistik rəqəmlərin arxasında insan həyatı dayanır. Məcburi köçkünlərlə bağlı problemlərin həlli günümüzdə çox önəmlidir. “Biz müəyyən təşəbbüslər göstərməliyik ki, onların problemlərinin həllinə dəstək olaq. Qaçqınlara sahib çıxan dövlətlər gənclərin öz ölkələrinə inteqrasiyasını təmin etməlidirlər. Çünki bu gənclərin içərisində liderlik bacağı olanlar var. Ötən həftə miqrantlar barədə BMT-nin bəyannaməsi qəbul olundu”, - deyə Rəşid Xalikov vurğulayıb.
Açılış mərasimindən sonra birinci sessiya öz işinə başlayıb.
Humanitar fəlakətlər və ekstremal vəziyyətlər nəticəsində insanların kütləvi yerləşdirilməsinin müasir prosesləri: nəticələr və həlli yolları (dünya təcrübəsi və Azərbaycan modeli) adlı sessiyaya Rəşid Xalikov moderatorluq edib.
Sessiyada çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi nəticəsində ölkəmizin təhsil sisteminə vurulan zərər barədə məlumat verib. Bildirib ki, ermənilər işğal etdikləri ərazilərimizdə 700-dək təhsil müəssisəsini dağıdıblar. Buraya məktəbəqədər, ümumtəhsil və peşə təhsili müəssisələri daxildir.
Azərbaycanda təhsil sahəsində məcburi köçkünlərə göstərilən qayğıdan bəhs edən Mikayıl Cabbarov deyib ki, dövlətimizin başçısının Sərəncamına əsasən ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlər təhsil haqqından azad edilib. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 100-dən çox məcburi köçkün gəncin dünyanın aparıcı universitetlərində təhsili maliyyələşdirilib. Son 10 ildə ölkəmizdəki məktəblərin təxminən 70 faizi təmir olunub və ya yeniləri tikilib.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, qaçqın və məcburi köçkün problemlərinin həllində ən uğurlu təcrübə kimi Azərbaycan modeli təqdim olunur. Bu modelin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən əsaslı şəkildə inkişaf etdirilib. Ölkə əhalisinin müxtəlif xidmətlərə çıxışı icra orqanları tərəfindən təmin edilib. S.Müslümov daha sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində görülən irimiqyaslı tədbirlərdən danışıb.
Kimya üzrə Nobel mükafatı laureatı, “Technion-İsrail Texnologiya” İnstitutunun professoru Dan Şextman Azərbaycanın humanitar məsələlərə bu cür həssaslıqla yanaşmasını təqdir edərək vurğulayıb ki, bu məsələnin həllində Azərbaycan və İsrail kimi ölkələrin təcrübələrindən yararlanmaq lazımdır. Biz bu insanların inteqrasiyasını həyata keçirmək yollarını tapmağa çalışmalıyıq. Yaşadıqları ölkələrin dilini öyrənmək inteqrasiya üçün başlıca şərtdir. İsrail dövləti bu məqsədlə 6 ay müddətində ödənişsiz dil kursları təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra miqrasiya probleminin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Beynəlxalq miqrasiya siyasətinin formalaşdırılması zamanı ailə perspektivlərinin nəzərə alınması, bu prosesin öyrənilməsi üçün daha uyğun imkanlar yaradıb. Hazırda Azərbaycanda 2 milyon 62 min ailə var və hər il orta hesabla 75 mindən çox ailə qurulur.
Azərbaycanın qaçqın və məcburi köçkünlər üçün yaratdığı imkanlar bütün dünya üçün nümunə olduğunu deyən Komitə sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum ölkənin bütün bölgələrində məcburi köçkünlərin müvafiq problemlərinin həlli, həmçinin onların cəmiyyətə inteqrasiyası ilə bağlı ciddi iş aparır. Bununla bağlı kifayət qədər müsbət nəticələr mövcuddur.
Mavritaniyanın ombudsmanı Şeyx Əbdül Malik qeyd edib ki, insanların yerdəyişməsinin, miqrant axının qarşısının alınması üçün münaqişələrin yaranma səbəblərinin araşdırılmasına və aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ölkəmizin bu sahədəki təcrübəsini yüksək qiymətləndirərək deyib ki, doğrudan da Azərbaycan inanılmaz dərəcədə böyük işlər görüb. Hazırda bizim üçün uğurlu bir təcrübə mövcuddur və bundan yararlanmaq lazımdır.
Sessiyada, həmçinin İƏT-in baş katibinin müavini Heşam Yusif, Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun müavini Haynz Koller, Fələstin nümayəndəsi Mansour Riyad, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Peter Van der və Səudiyyə Ərəbistanının təmsilçisi Əqil əl-Xəmdinin çıxışları dinlənilib. Onlar Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə edərək deyiblər ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həllində siyasi iradə nümayiş etdirir və bu, çox önəmli məsələdir. Çıxış edənlər öz ölkələrində bu problemin həlli ilə bağlı görülən işlər barədə də məlumat verib, beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.
“Dəyirmi masa”nın “Qaçqın və məcburi köçkünlər arasında insan kapitalının inkişafı iqtisadiyyatın və sosial həyatın bərpasının katalizatoru kimi” adlı ikinci sessiyasında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qlobal əhəmiyyət kəsb edən bu problemin həlli ilə bağlı müzakirələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, məcburi köçkün və qaçqın problemlərinin aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar sistemli xarakter daşıyıb. O, ölkəmizin müvafiq təcrübəsindən danışaraq qeyd edib ki, bu məsələdə insan kapitalının inkişafı önə çəkilib. Qaçqın və məcburi köçkünlərin, miqrantların yaşadıqları ölkələrə inteqrasiyası diqqətdə saxlanılmalıdır. Azərbaycan bu istiqamətdə də ciddi işlər görür, beynəlxalq təşkilatla əməkdaşlıq edir. Qaçqın və məcburi köçkünlərin maliyyə resurslarına çıxışı təmin olunub, onlar təhsil proqramlarına cəlb ediliblər.
Azərbaycan Milli Elmlər Akademiyasının hüquq və insan hüquqları institutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə deyib ki, müstəqilliyinin ilk illərində bir milyon qaçqın və məcburi köçkün axını Azərbaycan üçün çox ağır iqtisadi böhranlar yarada bilərdi. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi düzgün strategiya nəticəsində bu problem mərhələli şəkildə həllini tapdı.
Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Luis Xose Kansela cəmiyyətimizdə baş verən böhranların gələcəkdə insan kapitalı ilə bağlı ciddi problemlər yarada biləcəyini qeyd edərək deyib: “Bu, bizi çox narahat edir. Çünki hazırda beynəlxalq həmrəyliyin olmadığını görürük. Düşünürəm ki, bu məsələlərdə əməkdaşlığımızı və əlaqələndirici işimizi təkmilləşdirməliyik”.
Rusiya təmsilçisi Liliya Qumerova, Avropa Parlamentinin üzvü Tomaş Zdexovski, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Baş katibinin ofisinin direktoru Caqanat Çapaqain, Küveyt Milli Assambleyasının üzvü Səud əl Hüraici sessiyadakı çıxışlarında miqrant probleminin yaranma səbəblərinə toxunublar. Qeyd ediblər ki, bu problem yalnız müharibələrə son qoyulması ilə həllini tapa bilər. Beynəlxalq forumlarda, platformalarda bu problemlərin müzakirəsi çox önəmlidir. Əgər konkret addımlar atılmasa, bu, gələcək nəsillər üçün də ciddi problemlər yaradacaq.
İkinci sessiyada çıxışlardan sonra Əşrəf Şıxəliyev AIDA-nın 5 illik fəaliyyəti ilə bağlı məlumat verib. Daha sonra Agentliyin fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Fasilədən sonra “dəyirmi masa”da “Davamlı inkişaf və qaçqın və məcburi köçkünlərin təhsil problemləri” adlı üçüncü sessiya keçirilib.
Sessiyanın moderatoru, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin eksperti Xanım İbrahimova Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, ölkəmizdə müxtəlif təhsil proqramları həyata keçirilir, təhsil müəssisələri təmir olunur, yeniləri inşa edilir. Bu işə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz mühüm töhfəsini verir.
Qaradəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamud forumda iştirakdan məmnunluğunu ifadə edib. Qara dəniz regionunda son illərdə 3,4 milyon insan öz məşğuliyyət yerini dəyişdiyini deyən E.Mamud bunun səbəblərini açıqlayıb. Qeyd edib ki, bu gün təhsil sistemində yeni yanaşmalara ehtiyac var. Buna nail olmaq üçün tələbələr tədris olunan kurslar, fənlər arasında əlaqələri, bağlılığı öyrənməlidirlər.
Azərbaycan ombudsmanı Elmira Süleymanova Azərbaycan-Ermənistan münaqişəsi nəticəsində yaranan 1 milyondan artıq qaçqın və məcburi köçkününü hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. Ölkəmizdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verən ombudsman deyib: “Azərbaycanda bu problemin mövcudluğuna baxmayaraq, hökumət başqa ölkələrdən gələn miqrantları da qəbul edib və onların bütün hüquqları təmin olunub”.
Ukrayna Milli Elmlər Akademiyasının Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nikolay Şulqa ölkəsində ciddi böhran yaşandığını bildirərək deyib ki, bununla belə, təhsilin inkişafına xüsusi diqqət yetirilir. Ancaq bununla belə bəzən insanların öz peşələri məşğul olmaları mümkün olmur. Biz bunun qarşısını necə almaq barədə düşünürük.
Digər çıxış edənlər - Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, ABŞ təmsilçisi, Pensilvaniya Dövlət Universitetinin dosenti Yael Varşel, Misirin Əl-Ummal Universitetinin rektoru Abdelrahman Əli Saat, Misir parlamentinin nümayəndəsi Məhəmməd əl Orabi davamlı inkişafı təmin edən əsas vasitənin insan kapitalı olduğuna, problemin həllinə birgə səylər göstərilməsinin vacibliyinə dair fikirlərə şərik çıxıb, Azərbaycanın bu sahədəki ciddi uğurlarını qeyd ediblər.
Sonda Forumun Bəyannaməsi səsə qoyularaq qəbul edilib.