Aslan Aslanov: Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Bugünkü “dəyirmi masa”mızda dünyanın 50-dək ölkəsindən 80-dən çox nümayəndə iştirak edir. Onların böyük əksəriyyəti xarici informasiya agentliklərinin, radio, televiziyaların rəhbərləri və təmsilçiləridir. Bizim diskussiyalarımıza dünyanın siyasət adamları da maraq göstərirlər. Bu “dəyirmi masa”ya Xorvatiyanın iki sabiq prezidenti, Argentina Parlamentinin vitse-prezidenti, UNESCO-nun baş direktorunun birinci müavini də təşrif buyurub və onlar KİV-lə bağlı fikirlərini bölüşmək istəyirlər.
Bu sözləri AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində bildirib.
Baş direktor Aslan Aslanov jurnalistikanin informasiya dövrünə transformasiyasının müasir dövrün çox aktual mövzularından biri olduğunu və buna görə də V Bakı Beynəlxalq Humanitar Forumunun bu “dəyirmi masa”sında üç sessiyanın nəzərdə tutulduğunu vurğulayıb.
“Birinci sessiyada informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması məsələsi müzakirə olunacaq. Digər sessiyalarda mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoqun təmin olunmasında mətbuatın rolu barədə müzakirələr aparılacaq. Daha bir mövzu isə virtual jurnalistikanın, bütövlükdə sosial medianın əsas problemləri ilə bağlıdır. Hər üç sessiyada ciddi diskussiyalar gedəcəyi gözlənilir”, - deyə Baş direktor bildirib.
Hazırda ənənəvi jurnalistika ilə internet jurnalistikası arasında qızğın rəqabət getdiyini diqqətə çatdıran A.Aslanov qeyd edib ki, bu məsələlər təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemlərdir. Necə deyərlər, dünya jurnalistikasının trendlərini müəyyənləşdirən məsələlərdir. Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır. Bir daha qeyd etmək istərdim ki, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusuna həsr olunmuş bu “dəyirmi masa” dünya mediası üçün önəmli platformadır.

Video