Beşinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatıb
Forumun Bəyannaməsi qəbul edilib [YENİLƏNİB] VİDEO

Bakı, 30 sentyabr, AZƏRTAC

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu sentyabrın 30-da “dəyirmi masa”larda işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli və maraqlı diskussiyalar aparılıb.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər.

AZƏRTAC Forumun ikinci iş gününün gedişini “dəyirmi masa”lar üzrə şərh edir.

“Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” adlı “dəyirmi masa”da aktual məsələlər müzakirə olunub

Sentyabrın 30-da “Hilton” otelində V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, üç paneldən ibarət olan “dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.
“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu Beynəlxalq Forumu humanitar əməkdaşlığın “Azərbaycan modeli” adlandırmaq olar. “Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca “dəyirmi masa” həsr edilib”, - deyə A.Aslanov bildirib.
“Dəyirmi masa”nın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
M.Qusman qeyd edib ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.
Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqqerlik, sosial media, texnologiyalar inkişaf edir.
Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.
“Dəyirmi masa” mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edib.
“Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” mövzusunda keçirilən ikinci panel iclası ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirilib.
Paneldə Argentinanın TELAM xəbər agentliyinin prezidenti Rodolfo Pousanın, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun, slovakiyalı jurnalist, “International Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezqaçinanın, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun internetşünaslıq sektorunun müdiri Rasim Mahmudovun məruzələri dinlənilib.
Rodolfo Pousa qeyd edib ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.
“Ənənəvi jurnalistika həqiqətən dramatik transformasiyaya məruz qalır”, - deyən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, bunun hərəkətverici qüvvəsinin əsasını texnologiyalar, yeni qurğular təşkil edir. Baş direktor vurğulayıb ki, yeni vasitələr və praktikalar arasında şəbəkə jurnalistikasını xüsusi qeyd etmək lazımdır. “Müasir jurnalist informasiyanın toplanması, işlənməsi və yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müəyyən mənada deyə bilərik ki, professional identifikasiyanın yeni tipi – “şəbəkələşdirilmiş jurnalist” tipi formalaşır və o, öz növbəsində şəbəkə jurnalistikasının subyektidir”, - deyə A.Aslanov qeyd edib.
Bildirilib ki, müasir dünyanın ən mühüm meyillərindən biri informasiya-kommunikasiya sahəsinə də dərindən nüfuz etmiş qloballaşmadır. İnformasiya axınlarının milli hüdudları aşdığını və sərhəd tanımadan dünya informasiya məkanına inteqrasiya etdiyini vurğulayan A.Aslanov deyib: “Odur ki, informasiya cəmiyyətinin təşəkkülü perspektivləri barədə yalnız yeni informasiya texnologiyaları sahəsində baş verən tərəqqiyə əsaslanaraq danışmaq mümkündür”.
Diqqətə çatdırılıb ki, hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır və mətn şəklində xəbərləri getdikcə üstələyir. “Bu trendlərə məhəl qoymamaq, biganə qalmaq olmaz, onlara yeni reallıqlar kimi yanaşmaq və qəbul etmək lazımdır”, - deyən Baş direktor qeyd edib ki, şəbəkə jurnalistikasına mətbuatın müstəqillik və keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxılmalıdır.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç ənənəvi jurnalistikanın dəyişikliklərə uğradığını bildirib, vətəndaş jurnalistikasının informasiya məkanında rolunu qeyd edib. O deyib ki, hazırda Tvitter vasitəsilə məlumatlar daha sürətlə yayılır və bir an içərisində bütün dünyanı əhatə edə bilir. Belə şəraitdə peşəkar jurnalist daha çevik olmalı və yoxlanılmış informasiyalara üstünlük verməlidir.
“Dəyirmi masa”nın üçüncü panel iclası “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” mövzusuna həsr edilib. İclas AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilib.
Panel iclasda Türkiyənin Anadolu Agentliyinin İKT texnologiyaları departamentinin müdiri Yakup Şıvkanın, ABŞ-ın Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altmanın, Çilinin “Andres Bello” Universitetinin professoru Markos Belmor Borkoski Paesin, Özbəkistanın “Darakçı” nəşriyyat evinin redaksiya heyəti rəhbərinin müavini Rüstəmcon Cabbarovun, Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeikin, Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın və Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın məruzələri dinlənilib.
Paneldə medianın sosial şəbəkələrdə iştirakı və informasiyanın sosial mediada yayılması özəllikləri, bloqqerlik və vətəndaş jurnalistikasının ənənəvi KİV-lərə alternativliyi məsələləri diqqət mərkəzində olub. Qeyd edilib ki, müasir jurnalist olmaq üçün sosial şəbəkələrin funksiyalarını bilmək, informasiyanın necə yayılmasını izləmək, innovasiya texnologiyalarından sərbəst istifadə etməyi bacarmaq lazımdır.

“Dəyirmi masa” çərçivəsində azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” mövzusunda sərginin kataloqu da təqdim edilib.
Sərginin təşkilatçısı və təşəbbüskarı gənc sənətşünas Dilarə Müzəffərlidir.
“Tolerant Azərbaycan gənci” layihəsi 2015-ci ildən həyata keçirilir. Layihənin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Həmçinin Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdim edilməsidir.

“Dəyirmi masa”da Forumun Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” işini başa çatdırıb.

Video