Azərbaycan və Rusiyanın baş nazir müavinləri humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodetsin görüşündə Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq məsələləri müzakirə edilib.
Əli Əhmədov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə Rusiya Federasiyası Hökuməti sədrinin müavininə minnətdarlığını bildirib. Baş nazirin müavini Bakıda tez-tez beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini xatırladaraq, Rusiya tərəfinin bu tədbirlərdə ən fəal iştirakçı olduğunu bildirib. Ə.Əhmədov Bakı Forumunun dünyanın humanitar xarakterli məsələlərinin müzakirəsi üçün nadir platforma olduğunu qeyd edib.
Bakıya ilk dəfə səfər etdiyini bildirən Olqa Qolodets Azərbaycan paytaxtının inkişafına heyranlığını dilə gətirib. Qeyd edib ki, şəhərdə qədim memarlığın çoxlu sayda müasir tikili ilə ahəngdarlıq təşkil etdiyi duyulur. Rusiya Baş nazirinin müavini bildirib ki, Humanitar Forumda müzakirə edilən mövzular bütün dünya üçün aktualdır. O.Qolodets xatırladıb ki, Humanitar Forumunun keçirilməsi Azərbaycan və Rusiya prezidentlərinin birgə təşəbbüsüdür.
Görüşdə tərəflər humanitar əməkdaşlıq məsələlərini müzakirə edib, elm və təhsil, mədəniyyət və turizm, habelə mədəniyyətin və incəsənətin qarşılıqlı təbliği sahəsində əlaqələri daha da inkişaf etməyə hazır olduqlarını bildiriblər.