Beşinci Bakı Beynəlxalq Humanitar Forumu işini plenar iclasla davam etdirib [YENİLƏNİB] VİDEO

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar iclasla davam etdirib.
AZƏRTAC xəbər verir ki, plenar iclasın Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirak etdiyi birinci hissəsində siyasi və dini liderlər çıxış ediblər.
İclasın birinci hissəsinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edib.
Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova mühüm məsələlərin müzakirə olunduğu Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. O, belə mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, ölkəmizin multikultural dəyərlərin inkişafı və təbliği işinə töhfəsini xüsusi qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə son dövrlər dünyada baş verən hadisələrin dini ekstremizmin tüğyan etməsinə təkan verdiyini diqqətə çatdırıb. Bildirib ki, radikal cərəyanlar niyyətlərini həyata keçirmək üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq doğurur.
İnsan qırğınının, maddi və mənəvi irsin məhvinin səngimədiyi dövrdə Avropada islamofobiya, ksenofobiya meyillərinin gücləndiyini, miqrant axınına qarşı sərt tədbirlərin həyata keçirildiyini vurğulayan şeyxülislam bunun mədəniyyətlər və dinlərarası dialoqa ciddi zərbə olduğunu deyib. A.Paşazadə bu baxımdan dövlət başçılarının, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığının önəmini xüsusi vurğulayıb.
Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirildiyini diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizin məruz qaldığı işğal faktı nəticəsində terror, qaçqın problemi ilə üzləşdiyini, məscid, kilsə və sinaqoqların məhv edildiyini deyib. Bildirib ki, buna baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüququn prinsipləri çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində və problemin dini qarşıdurmaya çevrilməməsində Patriarx Kirill başda olmaqla, Rus Pravoslav Kilsəsinin səylərini yüksək qiymətləndirib.
A.Paşazadə bildirib ki, dünyada mövcud humanitar problemləri həll etmək üçün Azərbaycanın qədim və zəngin tolerantlıq modelindən bəhrələnmək məqsədəuyğun olardı.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç son illər Avropada ksenofobiya meyillərinin artdığını vurğulayaraq, bu məsələdə bəzi media orqanlarının, sosial şəbəkə istifadəçilərinin və bəzi siyasətçilərin məsuliyyətsiz fəaliyyətinin rol oynadığını vurğulayıb. Bildirilib ki, müasir dövrdə mövcud problemlərin həllində medianın obyektiv, qərəzsiz fəaliyyətinə böyük ehtiyac var. Mədəniyyətlər və dinlərarası dialoqun dünyada problemlərin həllində mühüm rol oynadığını qeyd edən S.Mesiç bu baxımdan Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti Əlahəzrət İlarion birgəyaşayışın müasir cəmiyyətlərin aktual məsələsinə çevrildiyini bildirib. Qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqun inkişafı üçün bütün insanlar bərabər imkanIara və hüquqlara sahib olmalıdırlar. Müasir dövrdə terrorizmin sürətlə yayıldığını, terrorçuların din pərdəsinə bürünərək fəaliyyət göstərdiklərini vurğulayan İlarion bildirib ki, onlar bütün ənənəvi dinlərin əsas prinsiplərinə qarşı çıxış edirlər. Dini radikalizmin yayılması təhsilin səviyyəsinin aşağı olmasından qaynaqlanır. Buna görə də biz insanları, xüsusən gəncləri qorumalı, onlar arasında ənənəvi dinlərlə bağlı geniş maarifləndirmə işi aparmalıyıq. Bakı Beynəlxalq Humanitar Forumu məhz bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzunun ildən-ilə artdığını bildirib. Qonaq vurğulayıb ki, bu Forum müxtəlif xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafı baxımından hər il yeni ideyalar təklif edir. Ş.Zuxurov Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfəsi kimi dəyərləndirib.
Hindistanın məşhur dini lideri və mütəfəkkiri Şri Şri Ravi Şankar Həzrətlərinin davamçılarından olan Svami Cyotirmaya vurğulayıb ki, insanlar din, coğrafi sərhədlər, sərvətlər uğrunda müharibələr aparırlar: “Ancaq biz başa düşməliyik ki, həyata bir dəfə gəlmişik və qısa ömür sürəcəyik. Buna görə də sülh şəraitində yaşamalı, bir-birimizə hörmət etməliyik. Buna nail olmaq üçün isə təhsil inkişaf etdirilməli, insanlara hələ uşaq yaşlarından digər dinlərə hörmət hissi aşılanmalıdır. Bütün dünya böyük bir ailədir və biz birləşərək dünyada sülhü bərqərar etməliyik”. Svami Cyotirmaya Forumun təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Uruqvay Şərq Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilla qarşılıqlı hörmətin və dözümlülüyün multikulturalizmin inkişafında əhəmiyyətini qeyd edib. X.Amarilla ölkəsində multikultural dəyərlərin tarixindən və bu ideyaların gənc nəslə aşılanması istiqamətində görülən işlərdən danışıb.
Sonra ötən gün dünyasını dəyişmiş İsrailin sabiq Prezidenti Şimon Peresin xatirəsi ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuperin təşəbbüsü ilə bir dəqiqəlik sükutla yad edilib.
Bakıya ilk səfərinin “Soyuq müharibə” dövrünə təsadüf etdiyini vurğulayan Abraham Kuper bildirib: “Biz tolerantlığı inkişaf etdirmək üçün səylərimizi əsirgəməməliyik. İnsanların potensialı bütün bu hədəflərə çatmağa imkan verir. Məhz buna görə də multikulturalizmin inkişaf etdiyi ölkədə keçirilən bu Forumda iştirak edirik”.
“Özünün multikulturalizm modelini dünyaya təqdim etdiyinə görə Azərbaycana minnətdarıq”, - deyən Abraham Kuper ölkəmizdə bu sahədə dövlət siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və onun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, Azərbaycanda yəhudi icmasının əsrlərdir mövcud olduğunu, müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və mehribanlıq şəraitində yaşamalarını, sünnilərlə şiələrin bir yerdə ibadət etmələrini ölkəmizdə multikulturalizmin tarixinin çox qədim olmasının göstəricisi kimi qiymətləndirib.
Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenez bəşəriyyəti narahat edən problemlərin həlli yollarının müzakirə olunduğu Bakı Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Argentina parlamentində təmsil etdiyi Mendoza bölgəsinin qədim tarixi və adət-ənənələri ilə seçildiyini vurğulayıb. P.Ximenez Argentinada aborigen əhalinin hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.
Çin Buddistləri Assosiasiyasının sədri Syue Çenq bu Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, dünyada baş verən problemlərin həllinin konkret addımların atılmasını tələb etdiyini vurğulayıb və bu baxımdan belə məsələlərin müzakirəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Qazaxıstanın dövlət katibi xanım Gülşara Abdıkalikova ölkəsində 100-dən çox etnik azlığın və 18 dini icmanın nümayəndələrinin mövcud olduğunu bildirib. O, Qazaxıstanda elmi-texniki, səhiyyə və digər sahələrə böyük sərmayə qoyulduğunu, ölkəsinin 2050-ci ildə dünyanın inkişaf etmiş 30 ölkəsindən biri olmağı hədəflədiyini deyib.
Forumun dünyada sülhün təmin olunması baxımından konkret həll variantları təklif edəcəyinə əminliyini bildirən G.Abdıkalikova deyib ki, Azərbaycan belə mühüm tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə fəxr edə bilər.
Fransa İmamları Konfransının sədri Hassen Şalqumin Forumun təşkilinə və tədbirə dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. H.Şalqumin bildirib ki, müasir dövrdə Avropada və digər bölgələrdə baş verən etnik, dini və milli zəmində münaqişələr həmin cəmiyyətlərdə ciddi narahatlıqlar doğurur və bu, insanların gündəlik həyatına böyük təsir göstərir. Azərbaycanda isə insanlar sülh, əmin-amanlıq şəraitində yaşayırlar və bu, bütün dünya üçün nümunədir.
Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakdan məmnunluğunu bildirib. Qeyd edib ki, bu Forumun keçirilməsi humanitar problemlərin həllinin vacibliyinə bir daha diqqət çəkir. O, son illər dünyada humanitar problemlərin artmasında təhsilin səviyyəsinin aşağı olmasının, terrorizmlə yanaşı, iqlim dəyişikliyinin də böyük rol oynadığını vurğulayıb.
Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif müxtəlif xalqların, dinlərin nümayəndələrini bir araya gətirən belə mötəbər Forumun əhəmiyyətini xüsusi qeyd edib. Son illər dünyada humanitar problemlərin daha da artdığını vurğulayan H.Yussif bu problemlərin həllinə töhfəsinə görə Türkiyə hökumətinə təşəkkürünü bildirib.
UNESCO-nun İcra Şurasının sədri Maykl Vorbs vurğulayıb ki, UNESCO Humanitar Forumun təşkil edilməsi ideyasını ilk gündən yüksək qiymətləndirib və fəal dəstəkləyib. Çünki bu Forumun məqsəd və məramı UNESCO-nun hədəfləri və fəaliyyət istiqamətləri ilə eynidir. M.Vorbs dünyanın sülhsevər ictimaiyyətinin səylərini birləşdirərək bəşəriyyəti təhdid edən bütün problemləri həll edə biləcəyini diqqətə çatdırıb.
Müzakirələrə yekun vuran moderator Elmar Məmmədyarov səmərəli fikirlərinə görə iclas iştirakçılarına minnətdarlığını bildirib.

X X X

Plenar iclasın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi ikinci hissəsində Nobel mükafatı laureatlarının çıxışları olub.
İclasın ikinci hissəsinə sədrlik edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Forumun dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platforma olduğunu bildirib. O deyib ki, plenar iclasda 13 Nobel mükafatçısı çıxış edərək dünyamızda mövcud olan problemlər və onların həlli yollarından danışacaq.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka didərgin düşmüş insanların taleyi ilə bağlı fikirlərini bölüşüb. O, bunun baş verməməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, belə taleyi yaşayan insanlara biganə yanaşmaq olmaz, onlara kömək göstərilməlidir. Bu, harada yaşamasından asılı olmayaraq hər kəsin insanlıq borcudur. Diqqətə çatdırılıb ki, müasir dünyada mövcud olan ekoloji problemlər, müharibələr, insanlar arasında nifrət, ədavət, zorakılıq halları bəşəriyyəti addım-addım fəlakətə doğru sürükləyir.
Forumda iştirakından məmnunluğunu ifadə edən kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus müasir dünyada baş verən dəyişikliklərdən danışıb. Alim deyib ki, göstərilən ciddi səylər nəticəsində kimyəvi maddələrin sənayedə tətbiqinin qarşısı alınıb. O, insanları əzmkar olmağa çağıraraq bildirib ki, cəmiyyətdə baş verən problemlərin elmi yolla həlli mümkündür. Dünyada sosial rifahın bərabər olmaması səbəbindən müasir dövrdə cəmiyyətlər bir sıra çətinliklərlə qarşılaşıb. Bu problemlərin qarşısının alınması üçün nisbətən zəif inkişaf etmiş ölkələrdə elm, təhsil, səhiyyə sahələrində iri layihələr davamlı şəkildə həyata keçirilməlidir.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Riçard Con Roberts insan orqanizmində baş verən dəyişikliklər, qida və GMO haqqında danışıb. O deyib ki, genetik modifikasiya edilmiş qida ilə bağlı insanlara düzgün məlumat verilməlidir. Alimlər uzun illərdir bu istiqamətdə iş aparırlar. Amma bu, düşündüyümüz kimi çox da təhlükəli deyil. Bu gün nəinki inkişaf etmiş böyük ölkələr, hətta kiçik ölkələr də GMO vasitəsilə bitkilərin yetişdirilməsinə çalışırlar.
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel isə dünyadakı aclıq, qida çatışmazlığı problemlərindən söz açıb. O bildirib ki, elmin inkişafı və tədqiqatların aparılması insanlara dünyanı daha yaxşı dərk etməyə imkan verə bilər. Bu səbəbdən də insanlar, xüsusilə də qadınlar daha çox təhsilə cəlb olunmalıdırlar.
Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin elm, iqtisadiyyat və mühəndislik haqqında fikirlərini bölüşüb. Alim deyib ki, bu Forumda dünyada mövcud olan problemlərin həlli yolları müzakirə edilir. Bu, çox mühüm məsələdir. Bu səbəbdən də belə tədbirlərin təşkili olduqca önəmlidir.
Texnoloji inkişafın sonsuz proses olduğunu bildirən alim artıq elektron inqilabın fəsadları haqqında da düşünməyin zamanının çatdığını vurğulayıb.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskott müxtəlif dövrlərdə əldə edilmiş elmi kəşflərin tətbiqi nəticəsində bu gün iqtisadiyyat, tibb, texnologiya və digər sahələrdə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb.
Artıq beşinci dəfədir Bakıda olmaqdan məmnunluğunu bildirən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland dünyadakı iqtisadi böhranın səbəblərindən və bu böhranın həlli istiqamətində görülən işlərdən danışıb. O, dünya iqtisadi böhranının hökumətləri iqtisadi inkişafla bağlı proqnozlarını konkret tərtib etmək məcburiyyəti ilə üz-üzə qoyduğunu söyləyib.
Kimya üzrə Nobel mükafatı laureatı Aaron Çexanover bildirib ki, bəşəriyyəti təhdid edən problemlər yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə həll edilə bilər. Mübahisələr güc yolu ilə həll olunmamalıdır. Tarix bizə göstərir ki, bütün münaqişələr dəhşətli insan tələfatı ilə nəticələnir. Son illərdə millətçilik, zorakılıq hallarına tez-tez rast gəlindiyini, bunun çox böyük çətinliklər yaratdığını deyən alim bildirib ki, bu mənfi hallara qarşı mübarizə aparmaq üçün səylər birləşdirilməlidir.
Kimya üzrə Nobel mükafatı laureatı Avram Herşko biotibb sahəsi ilə bağlı fikirlərini bölüşüb. O, fundamental tədqiqatlar sayəsində tibbin inkişaf etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, tarixən nailiyyətlər elementar tədqiqatlar sayəsində əldə edilir. Natiq bildirib ki, bu Forum çox gözəl platformadır, qlobal məsələlərlə yanaşı, mühüm mesajları çatdırmaq baxımından da əvəzsizdir.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fin Kidland da Forumda beşinci dəfə iştirak etdiyini söyləyib. Bildirib ki, hər gəlişində o, çox böyük yeniliklərin şahidi olur. Alim son 15 ildə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Forum iştirakçılara insanların həyatını yaxşılaşdırmaqla bağlı məsələlərin müzakirəsi baxımından olduqca əlverişli imkanlar yaradır. Təsisatların zəif olduğu ölkələrdə iqtisadi siyasəti sabit saxlamaq çətindir. Bəzi ölkələrin iqtisadiyyatlarındakı tənəzzül gələcək maliyyə siyasətinin qeyri-müəyyənliyi ilə bağlıdır. Bu qeyri-müəyyənliklər sərmayə qoyuluşuna təsir edir.
Alim deyib ki, bütün dünyada təhsil sistemində imkanların artırılmasına diqqət yetirilməlidir.
Fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smut bildirib ki, dünyada baş verən inkişaf bir çox ölkələrdə yoxsulluq problemini həll etməyə imkan verib. Dünya əhalisinin 20 faizi aclıqdan əziyyət çəkir və bunun qarşısı alınmalıdır. Dövlət təsisatları qlobal problemlərin öhdəsindən gələ bilmir. Sərmayə yatırımında insanlar müdrik olmalıdır və bununla problemlərin həllinə nail olmaq mümkündür. İlk məsələlərdən biri maliyyə resursu və davranışlarımızdır. Enerji mənbələri, təhlükəsizlik, yoxsulluq daha təkmil idarəçilik tələb edir. Ziyalı təbəqələr bu problemlərin həll variantlarını təqdim edəndən sonra hökumətlər elmi, siyasəti, texnologiyanı bir araya gətirərək bu sahədə işləməlidirlər.
Kimya üzrə Nobel mükafatı laureatı xanım Ada Yonat dərmanlara bakteriyaların müqaviməti haqqında danışıb. Qeyd edib ki, bakteriyaların təsirindən asılı olaraq strukturunu dəyişən antibiotiklər kəşf edilməlidir.
Alimin sözlərinə görə, Forum hökumətlərə yeni antibiotiklərin icad olunması ilə bağlı çağırış etməklə yanaşı, bu istiqamətdə birgə layihələrin reallaşmasına təkan verə bilər.
Demoqrafik vəziyyətdən danışan kimya üzrə Nobel mükafatı laureatı Dan Şextman müxtəlif ölkələrdəki vəziyyətləri müqayisə edib. Diqqətə çatdırıb ki, dünyada 55 milyon qaçqın və məcburi köçkün var. Hər bir ölkənin potensialı insan resursudur. Təhsilin inkişafı hər bir ölkənin bir nömrəli vəzifə borcu olmalıdır. Multikulturalizmin elmin inkişafına töhfəsini yüksək qiymətləndirən alim bildirib ki, elmin əsas vəzifələrindən biri bəşəri dəyərləri təbliğ etməkdir. Dan Şextman bu işdə siyasətçilərin elmi dairələrə inamının, eləcə də praqmatik qərarların qəbulunda, onların əsaslandırılmasında alimlərin roluna geniş yer verilməsinin əhəmiyyətini vurğuladı.
Üçüncü dəfədir Forumda iştirak etdiyini söyləyən kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel deyib ki, son 30 il ərzində strukturuna görə yeni antibiotiklər əldə edilməyib. Yeni dərman vasitələrinin hazırlanması üçün kifayət qədər vəsait yoxdur. Perspektivli istiqamət kompyuterlərdən istifadə edərək dərmanların hazırlanmasıdır. Kompyuterlər alimlərə bu istiqamətdə çox böyük yardım edə bilər. Bunun vasitəsilə onlar dərmanların təsirini də qabaqcadan öyrənə bilərlər.
Plenar iclasa yekun vuran akademik Akif Əlizadə məşhur alimlərin, Nobel mükafatı laureatlarının Forumda iştirak etmələrinin və çıxışlarının dünya elminə mühüm töhfə vermək baxımından əhəmiyyətini vurğulayıb.

Video