Humanitar Forum dünyadakı humanitar böhranın həlli yollarını tapmaq baxımından önəmlidir

Belqrad, 4 noyabr, AzərTAc
Bakı Beynəlxalq Humanitar Forumu dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmlidir.
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru xanım Branka Slobodan Сukiç AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində belə deyib.
Forumda çox önəmli məsələlərin müzakirə olunduğunu söyləyən B.S.Сukiç diqqətə çatdırıb ki, keçirilən “dəyirmi masa”larda gündəmdəki mövzularla bağlı vacib fikirlər səsləndirildi. O, Forumun əhəmiyyətinin aktual problemlərə vahid yanaşmanın irəli sürülməsindən qaynaqlandığını vurğulayıb. “İnanıram ki, Azərbaycan belə məzmunda tədbirlər keçirmək ənənəsini davam etdirəcək”, - deyə B.S.Сukiç əlavə edib.
“Tanyuq” Agentliyinin baş direktoru əlavə edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun genişləndirilməsi işində olduqca böyük rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər təqdirəlayiqdir. İnanıram ki, illər keçdikcə Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz daha da artacaq.
B.S.Сukiç deyib: “Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyəli təşkili, Azərbaycanın gözəl paytaxtı Bakı və azərbaycanlıların qonaqpərvərliyi uzun müddət xatirəmdə qalacaq.

Dadaşov Maqsud
AzərTAc-ın xüsusi müxbiri
Belqrad