İranın “Dəniz” qəzetində Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məqalə dərc edilib

Tehran, 26 oktyabr, Rabil Kətanov, AzərTAc
İranda yayımlanan “Dəniz” qəzetində IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında geniş məqalə dərc edilib.
Məqalənin müəllifi, Forumun iştirakçısı Mustafa Quluzadə qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada böyük nüfuz qazanıb. Bildirilib ki, bu mötəbər tədbirdə müxtəlif ölkələrdən görkəmli siyasətçilər, dövlət xadimləri xalqlar və ölkələr arasında əlaqələrin inkişafı üçün yeni təkliflər irəli sürüb, dinlərarası dialoqun davam etdirilməsi təşəbbüsü ilə çıxış ediblər. Tədbirdə dünya miqyasında tanınmış siyasətçilərin, mədəniyyət xadimlərinin, Nobel mükafatçılarının iştirakı onu deməyə əsas verir ki, onlar gələcək fəaliyyətlərində Forumda səslənən fikirlərdən yararlanacaq və qlobal problemlərin həllinə köməklik göstərəcəklər.
Dövlətimizin başçısı İlham Əliyevin Forumdakı çıxışına xüsusi yer ayıran müəllif bildirib ki, Azərbaycan Prezidenti açılış nitqində müasir dünyada bütün bəşəriyyəti düşündürən məsələlər haqqında danışıb və həmin problemlərin həlli yollarını göstərib.
Ölkəmizin son on ildə böyük inkişaf yolu keçdiyini vurğulayan M.Quluzadə qeyd edib ki, Azərbaycanın inkişafı yalnız paytaxt Bakıda və regionlarda yeni hündürmərtəbəli binaların tikilməsi və yolların çəkilməsi ilə şərtlənmir. Burada müxtəlif dinlərə və millətlərə mənsub olan insanlar qardaşlıq, mehribanlıq şəraitində yaşayırlar.
Yazıda multikulturalizmin ölkəmizdə həyat tərzinə çevrilməsindən söz açılaraq bildirilib ki, Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.
Müəllif Azərbaycanın qonşu dövlətlərlə, eləcə də İran ilə mehriban qonşuluq siyasəti yürütdüyünü də nəzərə çatdırıb.

Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri,
Tehran