Nadana Fridrixson: “Naxçıvanı uğurlu regional siyasətə parlaq nümunə hesab etmək olar”

Moskva, 25 oktyabr,Fəridə Abdullayeva, AzərTAc
Bu gün Azərbaycan informasiya müharibələrinin hədəfi olan ölkələrdən biridir. Məsələ təkcə həll olunmamış Dağlıq Qarabağ münaqişəsində deyil. Bakının xarici siyasət strategiyası göstərir ki, ölkə Cənubi Qafqazda öz gündəmini formalaşdırır. Bu isə xarici qüvvələrin diqqətini cəlb edir. Bu sözləri AzərTAc-ın müxbiri ilə müsahibəsində IV Bakı Humanitar Forumunun iştirakçısı, Avrasiya İqtisadi Birliyi İnstitutunun əməkdaşı, siyasi analitik, jurnalist Nadana Fridrixson söyləyib.
O deyib: “Mən müasir mediaya həsr olunmuş bölmənin işində iştirak etmişəm. Müasir dünyada informasiya müharibəsinin geniş yayıldığı bir zamanda bu, son dərəcə aktualdır.
Fikir verin, qərb ölkələri Azərbaycanın siyasi gündəmi ilə manipulyasiya etmək istədikdə ilk növbədə media meydanını işə salırlar. Məhz o zaman fitnəkar bəyanatlar meydana çıxır, ölkənin müəyyən obrazı formalaşır. Digər keçmiş sovet ölkələri kimi, Rusiya da, Azərbaycan da bu gün müasir media texnologiyalarından yenicə istifadə etməyə başlayırlar. Çox şey öyrənmək lazım gələcək, əsas odur ki, Bakı buna çox diqqət yetirir, təcrübə mübadiləsi etməyə hazırdır”.
Onun fikrincə, bu baxımdan media bölməsi ən aktual bölmələrdən biri olub. Son vaxtlar Rusiya-Azərbaycan münasibətləri yeni mahiyyət kəsb edir və Moskvadan Bakıya edilən yüksək səviyyəli səfərlər buna misaldır. Lakin ölkələr birgə informasiya gündəliyi işləyib hazırlamalı, hücumlara reaksiya verməyi öyrənməlidirlər.
O deyib: “Əks halda efirlər qalmaqallı olacaq, keçən ilin yayında olduğu kimi. O zaman Rusiyanın biznes kanallarından birində mübahisəli ərazilər mövzusu işıqlandırılarkən biz Rusiya və Azərbaycan üçün son dərəcə incə mövzu olan Dağlıq Qarabağ mövzusunda açıq-aşkar sifarişli süjetin şahidi olduq”.
Jurnalist belə hesab edir ki, Rusiya və Azərbaycan Cənubi Qafqazdakı prosesləri təhlil edən, habelə media məkanında Moskvanın və Bakının strateji xəttini formalaşdıran informasiya meydanlarının sayını artırmalıdırlar. Bundan başqa, Bu gün İnternetin zəngin olduğu və Qərb diplomatlarının fəal istifadə etdikləri sosial şəbəkələrin bolluğunda Moskva, Bakı və ümumiyyətlə, keçmiş sovet ölkələri media texnologiyalarını mənimsəməlidirlər.
Rus jurnalistin qeyd etdiyi kimi, keçmiş sovet ölkələrinin regional siyasəti onların zəif yerlərindən biridir. Azərbaycanda isə vəziyyət başqa cürdür. Son on ildə hakimiyyət bu problemi fəal surətdə həll edir, sosial-iqtisadi uçurumu aradan qaldırmağa çalışır. Regionların həyatının yaxşılaşdırılmasına vəsait ayrılır, problemli regionlara xüsusi diqqət yetirilir. Nadana Fridrixson sonda deyib: “Bu baxımdan Naxçıvanda – “ölkənin materikindən” ayrılmış bir vilayətdə vəziyyətin necə olduğunu görmək mənim üçün son dərəcə maraqlı idi. Əlbəttə, elə təsəvvür var idi ki, Naxçıvan mərkəzdən ayrı düşmüş bir regionun klassik nümunəsidir, orada yollar pisdir, şəhərin arxitekturası dağılıb və s. Lakin Naxçıvana gələndə çox heyrətləndik. Naxçıvanın küçələri çox təmizdir. Təzə binalar da var, özü də bir-birinə bənzəyən doqquzmərtəbələr deyil. Köhnə evlərin isə fasadları yenilənib.
Bu yaxınlarda isə bizə izah edildiyi kimi, muxtar respublikada ən yaxşı doğum evlərindən biri – müasir tipli hündür bina tikilib. Doğum evi təkcə zahiri görkəminə görə deyil, həm də göstərdiyi xidmətlərə görə Avropa normalarına uyğundur. Şəhərdə xeyli muzey və tarixi yerlər var, qonaqların çoxunu valeh etmiş musiqili dram teatrı fəaliyyət göstərir. Ümumiyyətlə, Naxçıvanı uğurlu regional siyasətə parlaq misal hesab etmək olar, belə ki, dövlət əsas problemləri görür və onları ardıcıl surətdə həll edir. Ümidvaram ki, gələn dəfə Sumqayıtda və Gəncədə olarıq”.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva