Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qovuşmasında mühüm rol oynayır

Vaşinqton, 25 oktyabr, Yusif Babanlı, AzərTAc
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru, Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Patrik Ceyms bu günlərdə Azərbaycana səfərinin yekunları ilə bağlı AzərTAc-ın Vaşinqton bürosuna müsahibə verib.
-Siz Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmusunuz. Forum haqqında, Azərbaycanın paytaxtı barədə təəssüratlarınız necədir?
-Bu forum indiyədək iştirak etdiyim ən gözəl tədbirlərdən biridir. Təşkilat komitəsi akademiklər, politoloqlar və kütləvi informasiya vasitələrinin təmsilçiləri də daxil olmaqla, müxtəlif sektorlardan “qalaktikanın ulduzları”nı bir yerə toplamışdı. Bakının gözəlliklərinə tamaşa edə-edə, forumun iştirakçısı kimi qeyri-rəsmi diskussiyalara xeyli imkanımız vardı. Forumun ilk günü olduğumuz, Heydər Əliyev Mərkəzi əsl memarlıq möcüzəsidir. Azərbaycanın dünya standartlarına cavab verən, Şərq və Qərbin sintezini təcəssüm etdirən paytaxtına heyran olmamaq mümkün deyil.
- Sizcə, dünyada Azərbaycanın nə kimi əhəmiyyəti var? Azərbaycan amerikalıların diqqətini nə ilə cəlb edir?
- Fikrimcə, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qovuşmasında, Şərq ilə Qərbin və digər regionlar arasında mühüm rol oynayır. Zənnimcə, hər bir amerikalı Azərbaycanın qeyri-adiliyinə, mədəniyyətlərin və ideyaların kombinasiyasına heyrandır.
- Azərbaycan dinamik inkişaf edən iqtisadiyyatı olan ölkədir. Neft-qaz sənayesi əsas sahə olsa da, qeyri-neft sektoru da inkişaf edir. Növbəti onillikdə Azərbaycanla bağlı hansı proqnozlarınız var? Azərbaycan iqtisadiyyatının hansı sektorları, fikrinizcə, inkişaf edə bilər və yaxud inkişaf etməlidir ki, Azərbaycan regional mərkəzə çevrilsin?
-Ümid edirəm ki, Azərbaycan daha açıq ticarət münasibətlərinin yaradılması üçün başqa ölkələrlə əməkdaşlığı davam etdirəcək. Mən artıq Azərbaycanda Sinqapurun “materik” versiyasını görürəm, çünki sizin ölkəniz turistlərə qarşı mehribandır və strateji coğrafi mövqeyi var.
- Azərbaycan ilə ABŞ arasında təhsil və mədəniyyət əlaqələri sahəsində mübadilənin genişləndirilməsi üçün nə etmək lazımdır?
- Bakı Beynəlxalq Humanitar Forumu çox gözəl təşəbbüsdür. Ümidvaram ki, belə təşəbbüslər davam edəcəkdir. Akademik dairələrin nümayəndəsi kimi mən təhsil sahəsində mübadilənin inkişaf etdirilməsi mövzusunda dialoqda iştirak etmək istərdim.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton