Bakı Humanitar Forumu müasir dünyanın beynəlxalq əhəmiyyətli qeyri-maddi irsidir

İstanbul, 22 oktyabr, AzərTAc
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu müasir dünyanın beynəlxalq əhəmiyyətli qeyri-maddi irsi kimi dəyərləndirilməlidir.
Bu sözləri AzərTAc-a müsahibəsində Türkiyənin Baş naziri yanında Mətbuat, İnformasiya və Nəşriyyat İdarəsinin şöbə müdiri Zeliha Doğan Yeşil söyləyib.
Z.D.Yeşil deyib: “Bundan əvvəlki forumun da iştirakçısı olmuşam. Mərasimin müasir dövrün ən möhtəşəm memarlıq əsərlərindən olan Heydər Əliyev Mərkəzində keçirilməsi özü özlüyündə bütün iştirakçılarda Forum haqqında yüksək fikir formalaşdıran ilk amil oldu. Prezident İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm ki, onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan möhtəşəm Heydər Əliyev Mərkəzinə sahib olub”.
Forum iştirakçılarının ekskursiya proqramları çərçivəsində də xoş anlar yaşadıqlarını vurğulayan xanım daha sonra deyib: “Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ölkənin əyalətlərini də əhatə edib. Naxçıvanda və Lənkərandakı təbii və qazanılmış gözəlliklər göz oxşayırdı. Çoxlu qonaqlarla rastlaşdıq və bir daha şahidi olduq ki, qardaş Azərbaycan təkcə neft və qaz ölkəsi kimi yox, turizm məmləkəti kimi də şöhrət qazanmağa başlayıb. Naxçıvandakı “Duz dağı” sanatoriyasının müasir üslubda tikintisi, buradakı möcüzəvi müalicə üsulları və onun nəticələri barədə əldə etdiyimiz məlumatları heyranlıqla qarşıladıq”.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul