Bakı Forumu humanitar sahənin müxtəlif aspektlərini daha dərindən dərk etməkdə iştirakçılara kömək oldu

Roma, 21 oktyabr, AzərTAc
Bakı Forumu humanitar sahənin müxtəlif aspektlərini daha dərindən dərk etməkdə iştirakçılara kömək oldu.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuela Sessa AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Forum haqqında təəssüratlarını bölüşən M.Sessa deyib: “Bakıya gəldiyim ilk andan etibarən bu şəhərdə yüksək multikulturalizm mühiti məni cəlb etdi və özümü beynəlxalq bir məkanda hiss etdim. Qloballaşan dünyanın ən önəmli məsələlərini müzakirə etmək üçün Heydər Əliyev Mərkəzinin möhtəşəm zalına 500-ə yaxın insanın toplaşdığını gördükdə isə bu hisslərim reallığa çevrildi. Məndə ən çox təəssürat yaradan isə tədbirin çıxışçıları arasında çox önəmli şəxslərin - sabiq dövlət başçılarının, BMT-nin nümayəndələrinin, Nobel mükafatı laureatlarının olmaları idi. Eyni zamanda, jurnalistlər, vətəndaş cəmiyyətinin və müxtəlif dinlərin nümayəndələri – hər kəs növbəti onilliklərdə humanitar sahədə əsas istiqamətlərin müəyyənləşdirilməsinə töhfə vermək üçün Bakıya toplaşmışdı. Növbəti illərdə Forumda gənc nəslin nümayəndələrinin daha çox təmsil olunmasını istərdim. Hesab edirəm ki, gənclər mədəniyyətlərarası dialoqun və humanitar əməkdaşlığın genişləndirilməsində əsas iştirakçıdırlar”.
Assosiasiyanın prezidenti əlavə edib ki, son illər Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya bir sıra töhfələr verməkdədir. O deyib: “Bu ölkə Şərq və Qərb, Cənub və Şimal arasında təbii körpü rolunu oynayır. Ölkəniz xristian və müsəlman dünyasının kəsişməsində yerləşir, həm Avropa, həm də İslam dünyası təşkilatlarının üzvüdür. Azərbaycan müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə toplayan məkana çevrilib. Azərbaycanın mədəniyyətlərarası dialoqun genişləndirilməsi kimi bir öhdəlik götürməsi bu ölkənin tarixinin, mədəniyyətinin və ənənələrinin dərinliklərindən irəli gəlir. Azərbaycan hökumətinin “qara qızıl”dan əldə edilən gəlirin insan kapitalına yatırılması istiqamətindəki səyləri təqdirəlayiqdir. Bakı Forumundan əlavə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və burada təşkil olunan digər bu kimi önəmli konfranslar, görüşlər dinlər və mədəniyyətlər arasında dialoqu genişləndirmək istiqamətində vacib addımlardır”.
M.Sessa Bakı Forumunun beynəlxalq birliyin diqqətini ən önəmli humanitar problemlərə yönəltmək üçün mühüm tədbir olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ənənə halını alan bu Forum insanlara humanitar sahədə əməkdaşlığın önəmini çatdırmaqda, dünyada hökm sürən böhranlar, münaqişələr barədə planetimizin sakinlərini məlumatlandırmaqda yaxşı vasitədir. Bu problemlərin bəziləri hamıya yaxşı məlum olduğu halda, bir qismi unudularaq ikinci plana keçib. Unudulan münaqişələrdən əziyyət çəkən insanların səsini dünyaya çatdırmaq, onların hüquqlarını müdafiə etmək, dözümsüzlük, təcridlilik və yoxsulluqdan əziyyət çəkən milyonlarla insana yardımçı olmaq baxımından bu Forum əvəzsiz imkan yaradır. O əlavə edib: “Əminəm ki, Bakı Forumunun hər bir iştirakçısı öz vətəninə önəmli bir nəticə ilə qayıtdı: tolerant mühit və qarşılıqlı hörmət olmadan hər hansı bir problemi həll etmək, davamlı inkişaf üçün zəmin yaratmaq mümkün deyil”.
Müsahibəni AzərTAc-ın xüsusi müxbiri
Maqsud Dadaşov apardı
Roma