Robert Zapadinski: “Yeni görüşlərədək, Bakı!”

Kişineu, 17 oktyabr, Zeynal Ağazadə, AzərTAc
IV Beynəlxalq Humanitar Forumun işində iştirak etmiş Moldova nümayəndə heyətinin tərkibində “Kommersant İnfo” adlı həftəlik müstəqil informasiya-analitik jurnalın təsisçisi, baş redaktoru Robert Zapadinski də olub. AzərTAc-ın Kişineudakı xüsusi müxbiri Moldovanın populyar və nüfuzlu nəşrinin rəhbərindən forum haqqında öz təəssüratlarını bölüşməsini xahiş edib.
Robert Lvoviç öz müsahibəsinə bu sözlərlə başlayıb: “Konfransın vüsəti, qarşıya qoyulmuş vəzifələrin aktuallığı və dərinliyi, mübaliğəsiz demək olar ki, gözəl təsir bağışladı. Bakı forumlarının başlıca məqsədi bütün bəşəriyyəti düşündürən geniş məsələlər barədə dialoqdur. Buna görə də Bakıya dünyanın siyasi, mədəni və elmi elitalarının nümayəndələri gəlirlər. Onların apardıqları iş nəticəsində hər il beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə tövsiyələr verilir”.
O xatırladır ki, bu dəfə Moldova Respublikasını (MR) tədbirdə MR-in Azərbaycandakı keçmiş səfiri, iqtisad elmləri doktoru, professor İon Robu, MR-in parlament vəkili Aureliya Qriqoriu, UNESCO-nun işləri üzrə Moldova Milli Komissiyasının baş katibi, bəstəkar Konstantin Rusnak və onun müavini Luminitsa Drumya, yazıçı və naşir İon Manaskurte və bir də o özü təmsil edirdilər.
R.Zapadinski qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev foruma xüsusi ahəng verdi. O, öz sanballı və hərtərəfli çıxışında humanitar xarakterli konseptual problemlərə daha çox diqqət yetirdi, bu problemləri planetin indiki mürəkkəb iqtisadi vəziyyəti ilə əlaqələndirdi. Bu, forum iştirakçılarının bütün bəşəriyyətin qarşısında duran və maksimum qısa müddətdə həllini tələb edən kəskin, mühüm vəzifələri səmərəli, ətraflı müzakirə etməsinə imkan verdi. İctimai-siyasi həyatın tibb, təhsil, iqtisadiyyat, elm və mədəniyyət kimi sahələrindəki problemlər müzakirə olundu. Mütəxəssislər konstruktiv qərarlar təklif etdi, tövsiyələr hazırladılar.
O, söhbət zamanı bildirib ki, konfransda qəbul edilmiş sənədlər, bütün “dəyirmi masa” iclaslarının materialları dünyanın 60 dövlətinin KİV-lərində dərc olunub, habelə internetdə verilib və laqeyd olmayan, sosial cəhətdən hər bir aktiv insan onlarla tanış ola bilər.
Moldovanın həftəlik jurnalının baş redaktoru deyib: “Bizim peşəkar jurnalist “dəyirmi masamız” və onun iştirakçıları – Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) baş katibi, İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov, Milli Məclisin deputatı, yazıçı və publisist Elmira Axundova, Macarıstanın nüfuzlu və populyar “Jobbik” partiyasının mətbuat xidmətinin rəhbəri Georgina Bernat və bir çox başqaları məndə çox böyük maraq oyadıblar. Biz müasir dünyada yaranan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində jurnalistika problemlərini müzakirə etdik. Müasir kütləvi medianın məqsəd və vəzifələri barədə “dəyirmi masa” iştirakçılarının və deməli, dünyanın müxtəlif dövlətlərinin nümayəndələrinin baxışları heç də tam üst-üstə düşmürdü. Əsas mövzuya – cəmiyyətin maraq göstərdiyi və planetin bütün ölkələrinin hakimiyyət orqanlarının maraq göstərməli olduqları KİV-lərin müstəqilliyi məsələsinə gəldikdə isə, burada simpoziumun bütün iştirakçıları həmrəy idilər.
Robert Zapadinski deyib: “Prezident İlham Əliyev ilə şəxsən görüşməyim mənim üçün gözlənilməz sürpriz oldu. Mən redaksiyamızın “Novıy Azerbaydjan” qəzetinin məhz forum üçün hazırladığı buraxılışını ölkənizin liderinə əlbəəl təqdim etdim. Bu əlvan informasiya tutumlu nömrə həyatın demək olar ki, bütün sahələrində Azərbaycanın qazandığı ciddi nailiyyətlərdən bəhs edir. Cənab İlham Əliyev Moldovada və regionumuzda Azərbaycanın imicinin yüksəldilməsi barədə kreativ qərarına görə redaksiyanın kollektivinə minnətdarlığını bildirdi”.
O daha sonra öz fikirlərini bölüşərək deyib: “Ölkənin və xüsusən də onun paytaxtı Bakının imici isə adamı heyrətə salır. Bütün istiqamətlərdə dəyişikliklərin vüsəti göstərir ki, ölkə daim quruculuq ritmində yaşayır. Gözəl yollar, ən müasir, hətta “kosmik” arxitektura, təkcə zamanla ayaqlaşmaq deyil, onu qabaqlamaq, eyni zamanda milli özünəməxsusluğu qoruyub saxlamaq səyi, insanların öz tarixinə və mədəniyyətinə qayğıkeş münasibəti Azərbaycan xalqına və ölkəni müdrikcəsinə, səmərəli idarə edən Prezident İlham Əliyev başda olmaqla onun rəhbərliyinə həqiqi ehtiramı artırır”.
Moldova jurnalisti sözünü davam etdirərək deyib: “Qeyd etmək istəyirəm ki, Bakı turistlər üçün təşviqat mənzərəsi deyil. Gözəl müasir evlər və mehmanxanalar, yeni salınmış hamar yollar – təkcə paytaxtda deyil, həm də ölkəni gəzərkən ucqar yerlərdə də belə mənzərə ilə qarşılaşdıq”.
R.Zapadinski deyib: “Azərbaycanlılar da moldavanlar kimi çox mehriban və qonaqpərvərdirlər. Forum çərçivəsində çox xoş görüşlərimiz oldu, lakin onlardan biri haqqında ayrıca danışmaq istəyirəm.
Forumun işi günümüzün əsas hissəsini alırdı, lakin çox istəyirdik ki, qədim Bakını gəzək. O zaman azərbaycanlı dostlarım geri qayıtmazdan əvvəl mənim üçün paytaxtda gecə gəzintisi təşkil etdilər. Bələdçim də hörmətli bakılı, həqiqi vətənpərvər Mirteymur Məmmədov idi. Qədim küçələri gəzə-gəzə o, mənə hər bir evin, hər bir abidənin tarixindən, Prezident İlham Əliyevin rəhbərliyi altında nadir binaların qorunmasına və bərpasına özünün və həmfikirlərinin köməyindən danışırdı. Tarixi məhəllələrin arxasından isə yeni, müasir şəhərin işıqları bərq vururdu və dənizin gözəl ətri gəlirdi.
Söhbətimizin sonunda Robert Zapadinski həsrətlə xatırlayaraq deyir: “Təyyarəmiz geri uçarkən sanki Xəzər dənizi və bütün gözəlliyi ilə adamı heyran edən şəhər üzərində bir daha dövrə vurub vidalaşaraq qəlbimizdən keçəni ifadə edirdi. Yeni görüşlərədək, Bakı!”

Müsahibəni AzərTAc-ın xüsusi müxbiri
Zeynal Ağazadə apardı
Kişineu