Moldovanın “Kommersant İnfo” jurnalı IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edib

Kişineu, 17 oktyabr, Zeynal Ağazadə, AzərTAc
Moldovanın “Kommersant İnfo” adlı populyar və nüfuzlu həftəlik müstəqil informasiya-analitik jurnalının yeni buraxılışında (№27-28, 17 oktyabr 2014-cü il) “Bakı doğrudan da “dünyanın intellektual Davosu”na çevrilib” sərlövhəsi altında Azərbaycan haqqında geniş məqalə dərc olunub. Məqalənin müəllifi bu nəşrin təsisçisi və baş redaktoru, builki Bakı forumunun nümayəndəsi Robert Zapadinskidir.
Yazıda konfransda müzakirə olunmuş müasir dünyanın ən mühüm məsələlərindən, qarşıya qoyulmuş vəzifələrin aktuallığından, bütün bəşəriyyəti düşündürən geniş məsələlər barədə dialoqdan söhbət açılır. Məqalədə deyilir: “Buna görə də foruma bütün dünyanın siyasi, mədəni və elmi elitalarının nümayəndələri toplaşmışdılar”. Müəllif həmçinin tədbirdə iştirak etmiş Moldova nümayəndə heyətinin üzvlərini sadalayır.
Nüfuzlu nəşr forum iştirakçılarının bütün bəşəriyyətin qarşısında duran və maksimum qısa zamanda öz həllini tələb edən çox mühüm vəzifələri səmərəli və ətraflı müzakirə etməsinə imkan vermiş Azərbaycan Prezidenti İlham Əliyevin sanballı və ətraflı çıxışından sitatlar gətirir.
Məqalənin sonunda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü Robert Zapadinskidə unudulmaz təəssürat yaradıb. O, “Novıy Azerbaydjan” qəzetinin redaksiya tərəfindən məhz konfrans üçün hazırlanmış buraxılışını Prezidentə təqdim edib”.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kişineu