Humanitar Forumda bəşəri dəyərlərin qorunması ilə bağlı vacib müzakirələr aparıldı

İstanbul , 16 oktyabr, AzərTAc
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda bəşəri dəyərlərin qorunması ilə bağlı vacib müzakirələr aparıldı.
Bu dəyərlərə önəm verən insanların Bakıda bir araya toplaşmaları və qarşılıqlı fikir mübadiləsi aparmaları çox önəmlidir.
Bu sözləri Forumda iştirak edən Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel AzərTAc-a müsahibəsində bildirib.
A.Sertel Forum çərçivəsində keçirilən, özünün də iştirak etdiyi “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”da informasiya cəmiyyətinin bir sıra aktual məsələlərinin, qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu kimi vacib mövzuların müzakirə edilməsinin əhəmiyyətini qeyd edib.
A.Sertel bildirib ki, Humanitar Forum dünyanın müxtəlif ölkələrindən gələn qonaqların Azərbaycanın hərtərəfli inkişafı ilə və malik olduğu yüksək mədəniyyətlə tanış olmaları baxımından da böyük əhəmiyyətə malikdir.

Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul