Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım mənim üçün qürurverici hadisədir

Afina, 15 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım mənim üçün qürurverici hadisədir.
Bu sözləri Forumun iştirakçısı, Yunan Qadın Jurnalistləri Avropa Şəbəkəsinin prezidenti xanım Eirini Nikolopoulou AzərTAc-a müsahibəsində söyləyib.
E.Nikolopoulou deyib: “Bu sevincin mənim üçün iki səbəbi var. Birincisi, heç vaxt əlaqə qurmadığım ölkələrdən - Qazaxıstan, Estoniya, Gürcüstan, İran və Qırğızıstandan olan ziyalılarla bir araya gəldim. Mən uzun müddətdir ki, səyahət edirəm, amma bu, həqiqətən də mənim üçün yeni bir dünya idi. Forumda fizika, iqtisadiyyat, kimya, tibb sahələrində 13 Nobel mükafatı laureatlarını, digər nüfuzlu insanları bir arada görmək mənim üçün böyük fürsət idi. Mən hətta iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarından Yunanıstanda baş vermiş iqtisadi böhran barədə müsahibə aldım.
Mənim üçün qürurverici amillərdən ikincisi isə Forumun əhəmiyyətidir. Dünyanın tanınmış jurnalistlərini, sənət, elm adamlarını, ziyalılarını bir arada görmək, bizim çox vacib ideyanın araşdırılması, bütün planetin bilik mərkəzinin ortasında olmağımı hiss etdirdi”.
E.Nikolopoulou daha sonra deyib: “Bakı mənim çox xoşuma gəldi. Birinci dəfə idi ki, İçərişəhəri ziyarət edirdim. Çox istərdim ki, bu gözəl şəhəri bir də görüm. Ümid edirəm ki, tezliklə buraya qayıdacağam. Yəqin ki, bu, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı olacaqdır”.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Afina