Humanitar Forum Azərbaycanı dünyaya tanıtmaq baxımından da çox önəmlidir

Paris, 14 oktyabr (AzərTAc). Bakıda hər il keçirilən Beynəlxalq Humanitar Forum Azərbaycanı dünyaya tanıtmaq baxımından da çox önəmlidir. Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun türk dilləri departamentinin rəhbəri, Milli İnstitutlar Şurası sədrinin müavini Mişel Bözdəmir AzərTAc-a müsahibəsində söyləyib.
Forumda iştirak etməkdən məmnun olduğunu deyən M.Bözdəmir bildirib ki, dünyanın 60-dan artıq ölkəsindən siyasət, mədəniyyət və elm sahəsində tanınan çoxsaylı nümayəndənin bu tədbirdə iştirakı Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan xəbər verir. Yüksək səviyyədə təşkil olunan Forumun ən müsbət cəhətlərindən biri də bu beynəlxalq tədbirdə ilk dəfə iştirak edən xarici qonaqlara Azərbaycanı daha yaxından tanıtmaqdan ibarət olub.
M.Bözdəmir Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müasir dövrümüz üçün aktual olan məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, tədbir çərçivəsində qonaqların Azərbaycanın bölgələrinə də səfər etmələri onların bu ölkə ilə daha yaxından tanış olmalarına imkanı yaratdı.
Sonuncu dəfə Azərbaycanda üç il əvvəl olduğunu bildirən M.Bözdəmir Bakının çox sürətlə inkişaf etdiyini, daha da müasir görkəm aldığını deyib. Bakı gecələrinin Las-Veqası xatırlatdığını vurğulayan M.Bözdəmir deyib: “Mən deyərdim ki, Heydər Əliyev Mərkəzi dünyanın ən möhtəşəm arxitektura abidəsidir. “Alov qüllələri” də Bakıya xüsusi yaraşıq verir. Bir sözlə, Bakıda, nağıllarda deyildiyi kimi, özünü sanki sehrli bir aləmdə hiss edirsən. Bakı Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarından heç də geri qalmır, əksinə öz inkişaf səviyyəsinə görə onların çoxunu arxada qoyub”.
M.Bözdəmir son bir neçə ildə Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif bölgələrində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı təşkil etdiyi tədbirləri buna misal kimi göstərib.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris