Humanitar Forumda iştirak etmək mənim üçün qürurverici hadisədir

Sofiya, 13 oktyabr (AzərTAc). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından biri də Bolqarıstanın “Media Holding” şirkətinin baş icraçı direktoru İvan Mihalev olub.
AzərTAc-a müsahibəsində İ.Mihalev deyib ki, “bu Forumda iştirak etmək mənim üçün qürurverici hadisədir”. Baş icraçı direktor Azərbaycanda gördüyü qonaqpərvərliyin, xüsusilə Bakının gözəlliyinin, şəhərin səliqəli küçələrinin, Dənizkənarı Bulvarın, əzəmətli binaların, o cümlədən Heydər Əliyev Mərkəzinin onda dərin təəssüratlar yaratdığını söyləyib.
İ.Mihalev bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu nüfuzlu ictimai-siyasi xadimləri, elm, mədəniyyət, ədəbiyyat adamlarını, aparıcı media nümayəndələrini bir araya toplayan əhəmiyyətli tədbirdir. O, Forum zamanı Bakıda bir çox ziyalılarla tanış olduğunu da deyib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətini xüsusi vurğulamaq istərdim”, - deyən “Media Holding” şirkətinin baş icraçı direktoru dövlət başçısının “Qara qızılı insan kapitalına çevirmək” prinsipinin xüsusilə təqdirəlayiq olduğunu vurğulayıb. İ.Mihalev deyib: “Mən Azərbaycanla bağlı hər hansı layihənin, o cümlədən Avropa Oyunlarına dair layihələrin təbliğ olunmasında səmərəli əməkdaşlığa hər zaman hazıram”.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Sofiya