Vitautas Landsbergis: Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir

Vilnüs, 10 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu Avropanın Qafqaz-Xəzər regionunda yerləşən Azərbaycanın inkişaf və həyatsevərlik təzahürü, siyasi mədəniyyət axtarışlarının və xoş məramın təsdiqi oldu.
Forumun iştirakçısı, Litva dövlətinin keçmiş rəhbəri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində söyləyib. Litvalı siyasətçinin fikrincə, Bakı Beynəlxalq Humanitar Forumu sadəcə davam etdirməklə kifayətlənməyib, onu daha da yetkinləşdirmək, əhəmiyyətini daha da artırmaq lazımdır.
V.Landsbergis deyib: “Mən plenar iclasdakı çıxışımda qeyd etdim ki, Azərbaycan Avropanın real ayrılmaz hissəsi kimi sabit və sarsılmaz cəmiyyətdir. Bu fakt özlüyündə dəstəklənməyə layiqdir. Mənim fikrimcə, müxtəlif təhriklərə baxmayaraq, Azərbaycan dövlətinin silahlı qisasdan imtina etməsi, dinamik inkişafa və sülhə tərəfdar olması təqdirə layiqdir”. Litvalı siyasətçi qeyd edib ki, forum çərçivəsində keçirilmiş görüşlər arasında Azərbaycan Prezidenti İlham Əliyev ilə şəxsən görüşü, onunla ətraflı söhbəti xüsusilə yaddaqalan olub.
V.Landsbergis deyib: “Azərbaycan paytaxtı tərəqqi, inkişaf və nikbinlik nümunəsidir”.

Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs