BELTA-nın baş direktoru Dmitri Juk: Bakıda keçirilmiş beynəlxalq forum cəmiyyətin inkişafı üçün vahid mexanizm yaratmağa imkan verir

Minsk, 10 oktyabr (AzərTAc). IV Bakı Beynəlxalq Humanitar Forumunun fəal iştirakçıları arasında Belarus İnformasiya Agentliyinin (BELTA) baş direktoru Dmitri Juk da olub. AzərTAc-ın Belarusdakı xüsusi müxbiri dost ölkənin ən böyük informasiya agentliyinin rəhbərindən Azərbaycanın paytaxtında keçirilmiş dünya miqyaslı humanitar tədbir haqqında təəssüratlarını bölüşməyi xahiş edib.
- Dmitri Aleksandroviç, necə düşünürsünüz, Bakıda keçirilmiş humanitar forum beynəlxalq miqyaslı hadisə oldumu?
- IV Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif dövlətlərdən olan, fikirləri, həyata baxışları müxtəlif olan insanların fikir mübadiləsi üçün gözəl meydandır. Burada nəinki qarşılıqlı anlaşmaya, həmçinin cəmiyyətin gələcək inkişafının əsaslana biləcəyi vahid mexanizm, yaxud dəyərlər siyahısı hazırlamağa imkan verilir.
Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışındakı çıxışını xüsusi qeyd etmək istərdim. Azərbaycanın dövlət başçısının ifadə etdiyi fikirlər və tezislər həqiqətən bu gün dünyada baş verən hadisələri dərk etmək üçün çox aktual əhəmiyyət kəsb edir. Əsas məsələ budur ki, biz liderlərin fikrini dinləmək imkanı əldə edirik.
- Azərbaycan, onun mədəniyyəti, insanlar sizdə hansı təəssüratlar oyatdı?
- Təkcə çıxış etmək, müxtəlif ölkələrdən gəlmiş həmkarlarla ünsiyyətdə olmaq imkanına görə deyil, həm də Azərbaycan ilə, həmçinin paytaxtla yanaşı, regionlarla tanış olmaq imkanına görə forumun təşkilatçılarına xüsusi minnətdarlığımı bildirmək istərdim. Ölkənin baxımlı olması, regionların dinamik inkişafı diqqəti cəlb edir. Birinci forumda regionlara gedərkən gördüklərimizlə indi, üç ildən sonra Azərbaycanda gördüklərimiz arasında demək olar ki, çox fərq var. Mədəniyyət sahəsi də, biznes də, turizm də çox dinamik şəkildə inkişaf edir. Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri sayılan Gəncə müasir meqapolis kimi inkişaf edir.
Hər bir regionda müxtəlif cür olan milli Azərbaycan mətbəxi, insanların qonaqpərvərliyi, gülərüzlüyü, yəqin ki, nəyə desən dəyər. Küçələrdə çöhrəsindən təbəssüm yağan səmimi insanlarla daha çox qarşılaşırsan. Əlbəttə, bu, Azərbaycanda bu gün həyata keçirilən siyasətin ən mühüm göstəricisidir.

Müsahibəni AzərTAc-ın xüsusi müxbiri
Zeynal Ağazadə apardı
Minsk