Piter Teys: Naxçıvan geostrateji baxımdan region üçün əhəmiyyətli bir məkandır

Naxçıvan, 8 oktyabr (AzərTAc, Tural Kəngərli). Mən çox şadam ki, Naxçıvana gələrək bu gözəl, qədim tarixə malik yerlərlə tanış ola bildim. Naxçıvan həm də geostrateji baxımdan Azərbaycan və ümumilikdə, region üçün əhəmiyyətli bir məkandır. Bu mənada belə əhəmiyyətli bir bölgəni görmək mənə sevinc bəxş etdi.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı arasında Naxçıvanda olan  ABŞ-ın Marquette Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys AzərTAc-a müsahibəsində deyib.
P.Teys qeyd edib ki, məni muxtar respublikanın tarixiliyi, abadlığı ilə birlikdə elmi potensialı, buradakı elm ocaqları da maraqlandırır. Naxçıvan Dövlət Universiteti ilə tanış olarkən gördüm ki, təhsil ocağı üçün modern binalar tikilib və təhsil çox yüksək səviyyədədir. Ümumiyyətlə, təkcə universitet deyil, bütün Naxçıvan Muxtar Respublikasının ərazisində yüksək səviyyədə infrastruktur qurulduğunun şahidi oldum.
Amerikalı qonaq deyib: “İnsanlarınız çox qonaqpərvər, istiqanlıdırlar. Yeməklərinizə isə söz ola bilməz. Düşünürəm ki, bu qədər dadlı yeməkləri ancaq Naxçıvanda yemək mümkündür. Naxçıvanlılar çox geniş dünya görüşünə və humanist, insanpərvər fikirlərə sahibdirlər. Ona görə də istərdim ki, Naxçıvana bir daha gəlim, bu gözəl yurdu yenidən başdan başa gəzim.