Patrik Ceyms: Azərbaycanın iqtisadi inkişafı və əməkdaşlığa yönəlmiş səyləri digər ölkələr üçün nümunədir

Bakı, 8 oktyabr (AzərTAc). Azərbaycan son on ildə kifayət qədər güclü inkişafa nail olub və bu uğur böyük təəssürat yaradır.
Bu sözləri oktyabrın 2-3-də keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Patrik Ceyms AzərTAc-a müsahibəsində söyləyib.
Dialoq, müzakirə və debatların keçirilməsi baxımından Forumun əhəmiyyətini qeyd edən professor deyib ki, belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin, Nobel mükafatı laureatlarının, nüfuzlu şəxslərin iştirakı Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfədir.
Patrik Ceyms bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi bütün dövlətlər üçün açıqdır və ölkəniz Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Hazırda burada bir sıra irimiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycanda müxtəlif dinlərə məxsus insanların ibadət etmələri üçün sinaqoq, kilsə və məscidlərin mövcudluğu bir daha ölkənizin bütün dinlərə hörmətlə yanaşdığını nümayiş etdirir. Dövlət və din arasında münasibətlər müvəffəqiyyətlə tənzimlənir. Bir çox dini icmaların nümayəndələri bu ölkədə sülh və sabitlik şəraitində yaşayırlar. Azərbaycanın region üçün, dünya üçün əhəmiyyəti getdikcə artır.
Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi, eləcə də mədəni sahələrdə möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayan Patrik Ceyms qeyd edib ki, bu respublikanın iqtisadi inkişafı və əməkdaşlığa yönəlmiş səyləri digər ölkələr üçün nümunədir.