Naxçıvanın qədim tarixi ilə tanışlıq Humanitar Forumun iştirakçılarında zəngin təəssüratlar yaradıb

Naxçıvan, 5 oktyabr (AzərTAc, Rauf Əliyev). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu oktyabrın 4-5-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AzərTAc xəbər verir ki, dünyanın müxtəlif ölkələrini, beynəlxalq təşkilatları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Beynəlxalq Hava Limanında böyük qonaqpərvərliklə qarşılandı.
Qonaqlar qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, gəzməli-görməli yerləri ilə tanış oldular.
Əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə gələn Forum iştirakçıları burada Ümummilli Liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, Ulu Öndərə məxsus şəxsi əşyalara maraqla baxdılar. Qeyd olundu ki, ümumilikdə muzeydə 4 min 536 eksponat var. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.
Fondunda 3 min 537 maddi-mədəniyyət nümunəsi olan Naxçıvan Dövlət Xalça Muzeyi də qonaqlarda xoş təəssürat yaratdı. Bildirildi ki, həmin maddi-mədəniyyət nümunələrinin 331-i xalçadır. Ekspozisiyada isə 283 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri var. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yerləşən Açıq Səma Altında Muzey qonaqların böyük marağına səbəb oldu. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü  sənduqələr onların diqqətini xüsusi olaraq cəlb etdi.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq Forumun iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaratdı. Bildirildi ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanışlıq qonaqların diqqətini Naxçıvanın siyasi tarixinə cəlb etdi. Qeyd olundu ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il oktyabrın 23-də imzaladığı Sərəncam ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.
Heydər Əliyev Sarayında yaradılan möhtəşəm şəraitlə tanış olan Forum iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də oldular. Muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında onlara ətraflı məlumat verildi. Bildirildi ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti qonaqlarda böyük maraq doğurdu. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Naxçıvanın zəngin, qədim tarixi  ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də qonaqlarda dərin təəssürat yaratdı. Burada diqqətə çatdırıldı ki, ekspozisiya əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,  Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik,  misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmiş Hüseyn Cavid məqbərəsinə gələn Forum iştirakçıları Azərbaycanın böyük şairi və dramaturqunun xatirəsini yad etdilər. Qonaqlara ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin nəşinin ölkəmizə gətirilməsi üçün göstərdiyi səylər barədə məlumat verildi, bu abidənin açılışının da məhz Heydər Əliyev tərəfindən dahi dramaturqun 114 illiyinin qeyd olunduğu 1996-cı ildə baş tutduğu bildirildi.
Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində də oldular. Qeyd edildi ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Ordubad şəhərinə də gələrək buradakı tarixi-memarlıq abidələri, muzey və görməli yerlərlə tanış olan qonaqlar şəhərdəki möhtəşəm çinar ağaclarının altında adı dillərdə əzbər olan Ordubad limonu və mürəbbələri ilə bəzədilmiş çay süfrəsinə qonaq oldular. Şəhərin ecazkar görünüşü və ətrafdakı əzəmətli dağlar onları heyran qoydu.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verildi ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabu-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən qonaqlar ziyarətgahı gəzərək, parçalanan nəhəng dağı heyranlıqla seyr etdilər.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə tanışlıq və burada Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin ifasında möhtəşəm konsert proqramı qonaqların sürəkli alqışları ilə qarşılandı.
Naxçıvan Dövlət Universiteti ilə də tanış olan Humanitar Forumun iştirakçıları oktyabrın 5-də Naxçıvandan zəngin təəssüratlarla ayrıldılar.