Mustafa Quluzadə: Humanitar Forumda çox məhsuldar müzakirələr aparıldı

Şəki, 5 oktyabr (AzərTAc, Mustafa Dadaşov). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumuna İran İslam Respublikasından dəvət olunmuşam. Forum çox məhsuldar keçdi, müzakirələr hər birimiz üçün səmərəli oldu.
Bu sözləri İranın “Dəniz Nyus” saytının və “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Şəkidə AzərTAc-ın müxbirinə müsahibəsində deyib.
M.Quluzadə Forum çərçivəsində keçirilən “dəyirmi masa”larda aktual mövzuların müzakirə olunduğunu, özünün də “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa” da iştirak etdiyini söyləyib. O, AzərTAc-ın təşkilatçılığı ilə keçən həmin “dəyirmi masa”da informasiya cəmiyyətinin bir sıra aktual problemləri ilə bağlı olduqca səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
M.Quluzadə “Dəniz Nyus” saytının və “Dəniz” qəzetinin AzərTAc-ın informasiyalarından çox faydalandığını vurğulayıb.
Azərbaycana dəfələrlə səfər etdiyini, Şəkidə isə ilk dəfə olduğunu deyən qonaq buradakı tarixi abidələrin insanı neçə yüzilliklər əvvələ apardığını bildirib.