Antonio Marini: Humanitar Forumda müzakirələrin əhatəsinin çox geniş olması təqdirəlayiqdir

Şəki, 5 oktyabr (AzərTAc, Mustafa Dadaşov). Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumatım var idi. Bu mötəbər tədbirdə iştirak etmək mənim arzum idi. Şadam ki, IV Foruma qatılmaq mənə də qismət oldu.
AzərTAc xəbər verir ki, bu sözləri Forumun iştirakçısı, Roma şəhər məhkəməsinin prokuroru Antonio Marini Şəkidə jurnalistlərə müsahibəsində deyib.
İtaliyada milli və beynəlxalq terrorizmlə mübarizə sahəsində çalışdığını bildirən qonaq Forumda iştirakçılarla terrorizmə qarşı mübarizə ilə bağlı məsələlər barədə ətraflı fikir mübadiləsi apardığını diqqətə çatdırıb. O, deyib ki, Forumda aparılan müzakirələrin əhatə dairəsinin çox geniş olması təqdirəlayiqdir.
Gələcəkdə də bu Forumun iştirakçısı kimi ölkəmizə gəlməyi arzuladığını vurğulayan Antonio Marini Azərbaycan ilə İtaliya arasında bir çox oxşar cəhətlərin olduğunu bildirib. İtaliyalı qonaq deyib: “Azərbaycanın mədəniyyəti bizdə çox dərin təəssüratlar yaratdı. Tarixi abidələriniz çox gözəldir. Xüsusilə qeyd etməliyəm ki, Şəki xanlarının sarayı həqiqətən də bənzəri olmayan bir memarlıq abidəsidir”.