Prezident İlham Əliyev: Multikulturalizm Azərbaycanda həyat tərzidir

Bakı, 5 oktyabr (AzərTAc). Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində söyləyib.
“Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”, - deyən dövlətimizin başçısı Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüsün artıq həyatda öz yerini tapmasının və bu təşəbbüslər ətrafında yeni imkanların yaranmasının təsadüfi olmadığını vurğulayıb.