Şəkinin tarixi məkanları ilə tanışlıq Humanitar Forumun iştirakçılarında böyük maraq doğurub VİDEO

Şəki, 5 oktyabr (AzərTAc, Mustafa Dadaşov). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu oktyabrın 5-də Azərbaycanın qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəkiyə səfər edib.
AzərTAc xəbər verir ki, qrupa dünyanın müxtəlif ölkələrini, beynəlxalq təşkilatları təmsil edən tanınmış ictimai-siyasi xadimlər, elm adamları daxil idilər.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.
Forum iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları forum iştirakçılarında böyük maraq oyadıb. Qonaqların diqqətinə çatdırılıb ki, iki il əvvəl bu bənzərsiz sarayın 250 illik yubileyi Şəkidə böyük təntənə ilə qeyd olunub.
Forum iştirakçıları sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Qonaqlara məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaqdan və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.
Abidə ilə tanışlıqdan sonra qonaqlar şəkili sənətkarların istehsal etdikləri müxtəlif çeşiddə məhsulların, xalq tətbiqi sənəti nümunələrinin satıldığı ticarət obyektlərini, xırda dükanları gəzib, sənətkarların əl işlərinə baxıblar.
Səfər proqramına uyğun olaraq qonaqlar sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki Cümə Məscidini ziyarət ediblər.
Şəkiyə səfərləri çərçivəsində Humanitar Forumun iştirakçıları, həmçinin Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Qədim və müasir Şəki ilə tanışlıq IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarında zəngin təəssüratlar yaradıb. 

Video