Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətinə heyran qalıblar

Gəncə, 4 oktyabr (AzərTAc, Sabir Əliyev). IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu oktyabrın 4-də Gəncədə olub.
AzərTAc xəbər verir ki, Gəncə Beynəlxalq hava limanında böyük qonaqpərvərliklə qarşılanan görkəmli elm və dövlət xadimləri, Nobel mükafatı laureatları şəhər mərkəzinə gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Şairin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında aparılan yenidənqurma işləri ilə tanış olan forum iştirakçıları Nizami muzeyində toplanmış eksponatlara baxıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Şəhərlə tanışlığı Şah Abbas məscidində, Cavad xan türbəsində, Çökək hamam tarixi-memarlıq abidəsində davam etdirən forum iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətinə heyranlıqla tamaşa ediblər.
Forum iştirakçıları daha sonra Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş konfransdan əvvəl qonaqlar burada Ulu Öndərin həyat və siyasi fəaliyyətini, həmçinin dünyanın müxtəlif ölkələrində keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxıblar.
Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini salamlayaraq bu mötəbər tədbirin yüksək səviyyədə keçməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. E. Vəliyev Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Gəncədə görülən işlər barədə məlumat verərək qeyd edib ki, qısa vaxt ərzində bir çox xarici ölkələrin arxivlərindən şairin əlyazmalarının surətləri gətirilib. Mirzə Şəfi Vazehin heykəli ucaldılıb, həyat və fəaliyyətini əks etdirən muzey yaradılıb. Həmçinin şairin adını daşıyan istirahət parkı salınıb, əsərləri nəfis şəkildə nəşr edilib.
Sonra Vazehşünas alim Akif Bayramovun “Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqi məsələləri”, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyevın “Millətlər və mədəniyyətlərarası dialoq” mövzularda məruzələri dinlənilib.
Konfransda Macarıstanın Zeged Universiteti orta əsr araşdırmalar şöbəsinin müdiri İştvan Zimoni, Tacikistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutunun professoru xanım Lola Dodxudoyeva, ABŞ-ın Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və Avrasiya tədqiqatları üzrə kitabxanasının elmi işçisi Liladhar R.Pends, Özbəkistan Milli Universitetinin professoru Hamidullah Baltabayev çıxış edərək Mirzə Şəfi Vazeh irsinin tədqiqi və araşdırılması istiqamətində həyata keçirdikləri işlərdən danışıblar.
Bununla da konfrans öz işini yekunlaşdırıb.