Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Lənkərana səfər edib

Lənkəran, 4 oktyabr (AzərTAc, Bağır Əliyev). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Oktyabrın 4-də Lənkəran rayonunda olub.
AzərTAc xəbər verir ki, 34 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə Almaniya, Rusiya, Türkiyə, İtaliya, Mərakeş, Ukrayna, Polşa, Gürcüstan, Hindistan, Serbiya, Monteneqro, Misir və Litvanın tanınmış dövlət və elm xadimləri daxildir.
Forumun iştirakçılarının Lənkəran şəhəri ilə tanışlığı Heydər Əliyev Mərkəzindən başladı. Onlar burada Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərə baxdılar.
Nümayəndə heyəti daha sonra şəhərdəki Gənclər Mərkəzində və Bayraq Meydanında oldu.
Hirkan Milli Parkına ekskursiya edən qonaqlara cənub bölgəsinin flora və faunası barədə ətraflı məlumat verildi.
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, həmçinin Lənkəran rayonunun “İstisu” qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyasında, Hirkan qəsəbəsində sitrus və subtropik meyvə bağlarında yetişdirilən məhsullara baxdılar. “Palma Life” hotelinin restoranında Lənkəran toyuq ləvəngisinin hazırlanması prosesini maraqla izlədilər.
“Nənələr” folklor kollektivi Forum iştirakçıları qarşısında konsert proqramı ilə çıxış etdi.