Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb VİDEO

Quba, 4 oktyabr (AzərTAc, Elxan Yusifli). Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarının bir qrupu oktyabrın 4-də Qubaya səfər edərək rayonun görməli yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Parkında mehribanlıqla qarşılanan qonaqlara Quba rayonunun tarixi, mədəniyyəti, əhalisi haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə tanış olan Bakı Forumunun iştirakçıları sonra Cümə məscidinə gəliblər. Məlumat verilib ki, məscid 1802-ci ildə orijinal memarlıq üslubunda tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə on ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub.
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı Forum iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Bildirilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Kompleksdə quraşdırılmış monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Beynəlxalq Forum iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Günün ikinci yarısında qonaqlar dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Qonaqlar qəsəbədə salınan Heydər Əliyev parkında gəzib sinaqoqla yaxından tanış olublar.
Beynəlxalq Forumun iştirakçıları Quba rayonunun ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə də ekskursiya ediblər.

Video