İtaliyanın AGİ xəbər agentliyi Dördüncü Bakı Beynəlxalq Humanitar Forumundan yazır

Roma, 4 oktyabr (AzərTAc). İtaliyanın AGİ xəbər agentliyinin saytında Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlərə istinadən insani dəyərlərin böhranının, dözümsüzlüyün artmasının, müsəlman ölkələrində vəziyyətin gərginləşməsinin narahatlığa əsas səbəblərdən olduğu bildirilir.
Müəllif oxucuların diqqətinə çatdırır ki, 60-dan çox ölkədən 500-ə yaxın iştirakçının qatıldığı Forum müxtəlif dövlətlərin başçılarını, görkəmli siyasətçiləri, mədəniyyət və incəsənət xadimlərini, habelə tanınmış alimləri, o cümlədən dünya şöhrətli Nobel mükafatı laureatlarını, iş adamlarını və media qurumlarının rəhbərlərini bir araya gətirib.
Yazıda Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur: “Müsəlman aləmində gedən xoşagəlməz proseslər də bizi çox narahat edir. Çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, toqquşmalar, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Biz bu prosesə təcrid edilmiş proses kimi baxa bilmərik. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir”.
Forumun tarixi ilə bağlı ətraflı məlumatın da yer aldığı məqalənin tam mətnini bu linkdən oxumaq olar:
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri,
Roma