Nobel mükafatçıları Azərbaycan Tibb Universitetində

Bakı, 4 oktyabr (AzərTAc). Oktyabrın 4-də Azərbaycan Tibb Universitetində (ATU) Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel mükafatı laureatları – Ervin Neher və Kurt Vütrix ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Forumda müzakirə edilən mövzuların aktuallığından danışıb. Bildirib ki, Forum çərçivəsində ATU-nun təşkilatçılığı ilə oktyabrın 3-də keçirilən “dəyirmi masa”da tibb sahəsi üzrə son dərəcə aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə dünyada əldə olunmuş nailiyyətlər barədə məlumat verilib. Rektor diqqətə çatdırıb ki, Nobel mükafatı laureatları – Ervin Neherin və Kurt Vütrixin “dəyirmi masa”da məruzələri maraqla qarşılanıb.
Sonra Nobel mükafatçılarının elmdə əldə etdiyi uğurlar barədə məlumat verilib.
İon kanalları ilə bağlı apardığı tədqiqatlardan danışan almaniyalı Nobel mükafatçısı, professor Ervin Neyer bildirib ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır.
Amerikalı Nobel mükafatçısı, professor Kurt Vütrix isə ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikada əhəmiyyətindən söz açıb. O, elmin qloballaşdığı bir dövrdə dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Diskussiya şəraitində keçən görüşdə qonaqlar universitet müəllimlərinin suallarını cavablandırıblar.
Rektor Ə.Əmiraslanov Nobel mükafatı laureatlarına universitet adından hədiyyələr təqdim edib.