Gələn il Bakıda Azərbaycan-Vyetnam əlaqələrinin inkişafına həsr olunmuş tədbirin keçirilməsi planlaşdırılır

Bakı, 3 oktyabr (AzərTAc, Aidə Quluzadə). Əvvəlki illərlə müqayisədə Bakı tamamilə dəyişib, gözəl, cəlbedici və müasir şəhərə çevrilib.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Vyetnam elm və texnologiyalar nazirinin keçmiş müavini, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məzunu Nghiem Vu Khai AzərTAc-a müsahibəsində deyib.
Humanitar Forumda və Bakıda olmaqdan məmnunluğunu ifadə edən qonaq qırx il bundan əvvəl Bakıda təhsil aldığını vurğulayıb. O, uzun müddət sonra Bakıya böyük həyəcanla qayıtdığını qeyd edib.
Qonaq bildirib ki, Azərbaycan öz beynəlxalq münasibətlərini çox genişləndirib və artıq paytaxt Bakı çox nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Nghiem Vu Khai IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin nitqindən çox təsirləndiyini qeyd edib. O, Prezident İlham Əliyevin Vyetnama səfərini və Azərbaycanda təhsil almış vyetnamlılarla görüşünü xatırladaraq bu səfərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün yeni eranın başlanğıcı olduğunu deyib.
Azərbaycan-Vyetnam əlaqələrinin genişləndirilməsi üçün əlindən gələni etdiyini deyən Nghiem Vu Khai Azərbaycanın səfəri çərçivəsində ölkəmizin təhsil naziri ilə görüşdüyünü bildirib. O məlumat verib ki, görüş zamanı gələn il Təhsil Nazirliyi ilə birgə Azərbaycanda iki ölkənin qarşılıqlı əlaqələrinə dair tədbirin keçirilməsi haqqında müzakirələr aparılıb. “Bu tədbirdə 50-yə yaxın vyetnamlı mütəxəssisin iştirak etməsi planlaşdırılır. Tədbir bizim əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə xidmət edəcək. Münasibətlərimizin genişləndirilməsi istiqamətində çox önəmli müzakirələr aparılacaq. Çünki Azərbaycan ilə Vyetnamın əlaqələri tarixi keçmişə söykənir. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin genişləndirilməsində mühüm rol oynayıb”-deyə qonaq bildirib.
Nghiem Vu Khai gələcəkdə də birgə layihələrin reallaşdırılacağını deyib.