Deyvid Conatan Qross: Mühüm geosiyasi məkanda yerləşən Azərbaycandakı çoxmədəniyyətlilik və tolerantlıq təqdirəlayiqdir

Bakı, 3 oktyabr (AzərTAc). Mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda mövcud olan çoxmədəniyyətlilik və tolerantlıq təqdirəlayiqdir.
AzərTAc xəbər verir ki, bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda keçirilən “dəyirmi masa”nın iştirakçısı, fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross jurnalistlərə müsahibəsində söyləyib.
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayan Deyvid Conatan Qross deyib: “Yenidən Azərbaycanda olmaqdan və çoxmədəniyyətliliklə bağlı belə bir tədbirdə iştirak etməkdən çox məmnunam. Bu forumda bütün məsələlər, xüsusilə çoxmədəniyyətliliklə bağlı olan mövzular diqqət mərkəzində durur. Bu gün dünyada çoxmədəniyyətlilik və tolerantlıq, xüsusilə qonşu dövlətlər arasındakı münasibətlər çox vacibdir. Bu mənada mən Azərbaycanı nümunə göstərmək istərdim. Sürətlə inkişaf edən bu ölkədə çoxmədəniyyətliliyin və tolerantlığın qorunub saxlanılması çox müsbət haldır. Bu, digər ölkələr üçün gözəl nümunədir”.
Daha sonra o, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlardan bəhs etdi. “Qeyd etmək istərdim ki, hazırda dünyada energetika sahəsində araşdırmaların, axtarışların dərinləşdirilməsinə böyük ehtiyac vardır. Azərbaycan enerji sahəsində çox böyük ambisiyaları olan ölkədir. Ölkənizin bu sahədə böyük təcrübəsi var və bu istiqamətdə tərəqqi göz önündədir. Düşünürəm ki, bu təcrübədən yararlanmaq hər kəs üçün faydalı olar”,- deyə Deyvid Conatan Qross bildirib.