Xorvat iş adamları Azərbaycanda əczaçılıq və yol tikintisi sahələrinə maraq göstərirlər

Bakı, 3 oktyabr (AzərTAc). İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçlə görüşüb.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, görüşdə Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsindəki xüsusi əhəmiyyəti vurğulanıb, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələr, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq deyib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ölkələrimiz arasında iqtisadi münasibətlərin genişlənməsində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizin iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Bildirib ki, Azərbaycan iri infrastruktur layihələrinin, bu günlərdə Bakıda təməlqoyma mərasimi keçirilən “Cənub” qaz dəhlizinin təşəbbüskarı və fəal iştirakçısıdır. Hazırda Azərbaycan xarici investisiyalar üçün cəlbedici və əlverişli ölkə olmaqla yanaşı, həm də investisiya ixracatçısıdır. Nazir ölkəmizdə yaradılan sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında iş adamları üçün nəzərdə tutulan güzəştlər barədə də məlumat verib.
Stepan Mesiç Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə edib, səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü diqqətə çatdırıb. S.Mesiç xorvat iş adamlarının Azərbaycanda əczaçılıq və yol tikintisi sahələrinə maraq göstərdiyini bildirib.