Vladimir Zaxarov: IV Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq səviyyəli intellektual laboratoriyadır

Bakı, 3 oktyabr (AzərTAc, Əziz Məmmədov). IV Bakı Beynəlxalq Humanitar Forumu beynəlxalq səviyyəli intellektual laboratoriyadır.
Bu sözləri ”Ekoloji Siyasət və Mədəniyyət Mərkəzi” Ümumrusiya İctimai Təşkilatı Şurasının sədri, Rusiya Federasiyası İctimai Palatasının Sabit İnkişaf İnstitutunun direktoru Vladimir Zaxarov AzərTAc-a müsahibəsində söyləyib.
Tanınmış alim məmnunluq hissi ilə bildirib ki, tədbirdə Yaponiyadan tutmuş Avropaya və Amerikayadək dünya elmi elitasının nümayəndələri iştirak edirlər. V.Zaxarov deyib: “Biliyin tamamilə fərqli sahələrində Nobel mükafatı laureatlarının iştirak etməsi Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi çəkisini və nüfuzunu daha da artırır. Seksiya və “dəyirmi masa”ların işi məntiqi düşünülmüş şəkildə təşkil edilib və dünya sivilizasiyası qarşısında duran ən mühüm çağırışlara və problemlərə tam müvafiqdir. Şimal, Cənub, Qərb və Şərq siyasətçilərini və alimlərini bir araya gətirən, zəmanəmizin ən aktual problemlərini müzakirə etmələrinə nadir imkan yaradan Forum Azərbaycanın paytaxtını həqiqətən dünya miqyaslı intellektual mərkəzə çevirib”.