Aslan Aslanov: Bakı Forumu müasir dünyamızı düşündürən qlobal məsələlərin müzakirəsi üçün nadir məkandır VİDEO

Bakı, 3 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu qlobal dünyamızı düşündürən bir sıra ictimai-siyasi məsələlər, çağırışlar, yeni meyillər, yeni tendensiyalar barədə ətraflı müzakirələr aparmaq, yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, o cümlədən fikir, təcrübə mübadiləsi aparmaq üçün nadir məkandır.
Bu fikirləri Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc-ın Baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində deyib.
Bakı Beynəlxalq Humanitar Forumunun əhatə dairəsinin və miqyasının ildən-ilə daha da genişləndiyini bildirən Aslan Aslanov budəfəki tədbirdə dünyanın 60-dan çox ölkəsindən çox böyük nümayəndə heyətlərinin iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqində də, bir sıra xarici ölkələrin sabiq prezidentlərinin məruzələrində də, Nobel mükafatı laureatlarının çıxışlarında da Forumun fəaliyyətinə çox yüksək qiymət verilib.
Bakı Beynəlxalq Humanitar Forumunun hətta Davos İqtisadi Forumu ilə müqayisə olunduğunu vurğulayan Aslan Aslanov deyib: “Bakı Forumu dünyanın bütün qitələrində böyük rəğbət qazanıb. Bunu görkəmli dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının Forumdakı çıxışları da təsdiqləyir. Onlar bildirirlər ki, Bakı Beynəlxalq Humanitar Forumuna artıq dünyada böyük maraq yaranıb”.
Forumun media ilə bağlı “dəyirmi masa”sının AzərTAc-ın təşkilatçılığı ilə keçirilməsinin ənənə halını aldığını diqqətə çatdıran Baş direktor dünyanın bir çox ölkələrindən dostlar qazandıqlarını bildirib: Onların arasında Avstriyanın xəbər agentliyi, eləcə də İtaliyadan, Serbiyadan, Xorvatiyadan, Qazaxıstandan, ABŞ-dan, Yaponiyadan qonaqlarımız var. Bizim “dəyirmi masa”da mötəbər kütləvi informasiya vasitələrinin rəhbərləri, mətbuat sahəsində böyük nüfuzu olan insanlar iştirak edirlər.
Dünyamızın çox sürətlə dəyişdiyini, yüksək texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyini söyləyən A.Aslanov qeyd edib ki, bu proses mediadan da yan keçməyib. Bu gün ənənəvi media ilə sosial media arasında ciddi rəqabət gedir. Müasir dövrümüzdə jurnalistikanın yeni bir sahəsi yaranıb və bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrinə daxil olur, öz yerini möhkəmləndirir. Bugünkü “dəyirmi masa”da da bununla bağlı ciddi müzakirələr gedir.
Baş direktor əmin olduğunu bildirib ki, sosial media və ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək, cəmiyyət, insan həyatı və bəşəriyyət naminə gərəkli fəaliyyətlərini birlikdə davam etdirəcəklər.

Video