Eden Mamut: Bakı Beynəlxalq Humanitar Forumu dünyanın ən əhəmiyyətli tədbirinə çevrilib

Bakı, 3 oktyabr (AzərTAc). Bu gün Bakı Beynəlxalq Humanitar Forumu dünyanın ən əhəmiyyətli tədbirinə çevrilib. Forumun formatı son üç ildə daha da təkmilləşdirilib. Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər, Nobel mükafatı laureatları bu tədbirdə iştirak edir və öz dəyərli fikirlərini bölüşürlər.
AzərTAc xəbər verir ki, bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda keçirilən “dəyirmi masa”nın iştirakçısı, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri Eden Mamut jurnalistlərə müsahibəsində deyib.
Forumda artıq dördüncü dəfə iştirak etdiyini bildirən Eden Mamut vurğulayıb ki, tədbirdə müxtəlif ölkələrin elm adamlarının, fizika və kimya üzrə Nobel mükafatçılarının, həmçinin azərbaycanlı alimlərin iştirakı ilə müzakirə edilən mövzular hər kəs üçün dəyərlidir.
Daha sonra o, Forumun yüksək səviyyədə təşkilinə, elm adamlarının fikirlərini bölüşmək üçün belə bir şəraitin yaradıldığına görə Azərbaycan hökumətinə, xüsusilə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.