Azərbaycan dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkanlardan birinə çevrilib

Bakı, 3 oktyabr (AzərTAc, Xalid Məmmədov). Oktyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov Qırğız Respublikası Parlamentinin xarici əlaqələr komitəsinin sədri Kanıbek İmanalıyev ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrindən danışan Ziyafət Əsgərov əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib, IV Bakı Beynəlxalq Humanitar Forumunun bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb. Milli Məclis sədrinin birinci müavini əlavə edib ki, bu tədbir müxtəlif ölkələrdən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin, elm adamlarının fikir mübadiləsi aparması üçün yaxşı platformadır. Ona görə də dünyada bu Foruma maraq ildən-ilə artır.
Ziyafət Əsgərov Azərbaycanın və Qırğızıstanın parlamentlərarası əlaqələrindən, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətindən, parlamentarilərimizin beynəlxalq qurumlardakı əməkdaşlığından, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən, bu problemin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri sənədlərin yerinə yetirilməməsindən geniş söz açıb.
IV Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunduğuna görə təşəkkürünü bildirən Qırğız Respublikası Parlamentinin xarici əlaqələr komitəsinin sədri Kanıbek İmanalıyev vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi, dünyanı düşündürən aktual məsələlərin müzakirə olunduğu məkanlardan birinə çevrilib. İnanıram ki, IV Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər dünyamız üçün faydalı olacaqdır.
Qonaq Azərbaycanın əldə etdiyi uğurlardan, dünyada artan nüfuzundan və rolundan məmnunluqla danışaraq dost və qardaş ölkəsinin də buna sevindiyini söyləyib. Diqqətə çatdırılıb ki, bütün bu uğurları yalnız böyük lider olan dövlət qazana bilər. Azərbaycan Prezidenti İlham Əliyev ölkəsi və xalqı üçün böyük işlər görür, buna görə də xalq haqlı olaraq öz lideri ilə fəxr edir.
Qonaq parlamentarilərimizin Türkdilli Ölkələrin Parlament Assambleyasındakı əməkdaşlığını yüksək qiymətləndirərək qurumun fəaliyyətindən razılıq edib.