“İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa”da aktual məsələlər müzakirə olunub

Bakı, 3 oktyabr (AzərTAc). Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universiteti tərəfindən “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər ki, tədbiri açan Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasıdır. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycanın dinamik inkişafı, bəşəri dəyərlərə sadiqliyi, beynəlxalq aləmdə ölkəmizə marağı gündən-günə artırır. Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib.
Diqqətə çatdırılıb ki, “dəyirmi masa”da 14 ölkədən 20 nümayəndə, o cümlədən Bakı Dövlət Universitetindən 50 nəfər iştirak edir.
“Dəyirmi masa” çərçivəsində “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri”, “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” mövzularında panellər keçirilib.
Tədbirdə kimya üzrə Nobel mükafatı laureatı, Vaysman İnstitutunun professoru, Kimmelman adına Biomolekulyar Quruluşların Tədqiqi Mərkəzinin direktoru Ada Yonat “Bəşəriyyətin davamlı inkişafını müdafiə edərək biz gələcəyə doğru necə hərəkət edirik” mövzusunda çıxışında insan orqanizmi üçün vacib olan proteinlərdən, antibiotiklərin xarakterindən söz açıb. İnsanın uzunömürlülüyü barədə danışan alim müasir tibb elminin inkişafı nəticəsində bir çox xəstəliklərlə mübarizədə uğurların qazanıldığını qeyd edib. O, həmçinin genetik kodun müəyyən vaxt daxilində dəyişməsi istiqamətində ciddi araşdırmaların aparıldığını vurğulayıb.
Sankt-Peterburq Dövlət Universiteti Kimya İnstitutunun direktoru, professor İrina Balova “Tədqiqat və təhsilin fənlərarası inteqrasiyasında Sankt-Peterburq Universitetinin təcrübəsi” adlı məruzəsində təmsil etdiyi qurumun müvafiq sahə üzrə təcrübəsindən, təşkil etdiyi beynəlxalq tədbirlərindən danışıb.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovun “Təhsil mühitində fənlərarası inteqrasiya zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.
“Daha sonra BDU-nun hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva “Müasir fənlərarası inteqrasiyanın paradiqması və təbii-elmi tədqiqat üsulları” mövzusunda çıxış edib. Alim bildirib ki, fənlərarası yanaşmada biliklərin inteqrasiyası baş verir. Beləliklə, sistem üsulları yaradılır. Sistem yanaşma obyektlərə, fenomenlərə onların bir-biri ilə əlaqədə və ümumilikdə baxmağımıza imkan verir. Bu, inteqrasiya proseslərinin əsas yoludur.
“Dəyirmi masa”da Nobel mükafatı laureatı Devid Conatan Qross innovativ inkişafda fənlərarası inteqrasiyanın roluna dair təkliflərini verib.
Tədbirdə Tacikistan Milli Universitetinin rektoru Maxmayusuf İmanovun, Tirana Politexnik Universitetinin rektoru, professor Yorqaq Kaçaninin çıxışlarında müzakirə olunan məsələlərin aktuallığı, belə tədbirlərin gələcək əməkdaşlığa layiqli töhfə verəcəyi bildirilib.
“Dəyirmi masa”da Dağıstan Dövlət Universitetinin dosenti İlhamə Bağırovanın “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji prinsipləri”, BDU-nun sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyevanın “Təhsildə fənlərarası inteqrasiyanın problemləri haqqında” mövzularında məruzələri dinlənilib.
Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə Ukrayna Prezidenti yanında Dövlət İdarəçiliyi Milli Akademiyası, İordaniya Universiteti, Tacikistan Milli Universiteti və Rio-de Janeyro Federal Universiteti arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanıb.
Sənədləri rektorlar – Abel Məhərrəmov, Yuri Kovbasyuk, Əxleyf əl-Taravnəh, Maxmayusuf İmanov və Karlos Antonio Levi da Konseysao imzalayıblar.
Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut dağıdıcı ekoinnovativ texnologiyalardan, Köln Universitetinin Tətbiqi Elmlər professoru Reza Talebi-Daryani məntiqi idarəetmə sistemli yanacaq elementlərinin və qaz qızdırıcı sistemlərinin inteqrasiya və istifadəsindən danışıb.
Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfanq Henş Lazer tezlik darağının fənlərarası innovasiyalarda tətbiqindən, Rio de Janeyro Universitetinin rektoru, professor Levi Karlos Antonio fənlərarası inteqrasiyada universitetlərin rolundan, Rumıniya Qabaqcıl Strategiyalar Mərkəzinin direktoru Buzati Razvan qlobal biliklərə əsaslanan cəmiyyətin qurulmasından geniş söhbət açıblar.
Akademik Hətəm Quliyev, professorlar Hikmət Əlizadə, Məhəmmədəli Ramazanov, İradə Hüseynova, Ellada Axundova, Rüstəm Məmmədov, dosent Azad Rzayev fənlərarası inteqrasiyanın tətbiqinə dair nümunələr gətiriblər.
Çıxışlarda Forumun müasir təhsilin inkişafına, bu sahədə kadrların hazırlanmasına, yeni layihələrin tətbiqinə, ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbirdə məruzələr ətrafında geniş diskussiyalar aparılıb.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilib.