Bakı Forumunda elmin sülhә xidmәt etmәsi istiqamətində geniş müzakirələr aparılıb

Bakı, 3 oktyabr (AzәrTAc). Oktyabrın 3-dә IV Bakı Beynәlxalq Humanitar Forumu çәrçivәsindә “Texnologiyaların konvergensiyası vә gәlәcәyin konturları: XXI әsrin əsas çağırışları” mövzusunda “dәyirmi masa” keçirilib.
AzәrTAc xәbәr verir ki, Azərbaycan Milli Elmlәr Akademiyasının prezidenti Akif Әlizadә “dәyirmi masa”nı açaraq Humanitar Forumun bәşәri dәyәrlәrin qorunması, tәcrübә vә fikir mübadilәsi baxımından önəmini qeyd etdi. O, elmin dünyanın inkişafında mühüm rol oynadığını bildirərək dedi ki, bu gün elmi nailiyyәtlәrdәn silah yaratmaq üçün istifadә olunması cәhdlәrinə də rast gəlinir. Elm yalnız sülhә xidmәt etmәlidir vә humanitar forumun әsas mәqsәdlәrindәn biri dә bu istiqamәtdә müzakirәlәr aparmaqdır.
“Radiasiya, nano və bionanotexnologiyaların konvergensiyası” mövzusuna həsr olunmuş paneldə çıxış edən Tokio Kənd Təsərrüfatı və Texnologiyalar Universitetinin mütəxəssisi Katsuaku Sato “Fukusima” AES-də baş verən qəzadan sonra Yaponiyada bərpa olunan enerji üzrə aparılan tədqiqatlardan və inkişafdan danışıb. O bildirib ki, bu qəza həm Yaponiyada, həm də digər ölkələrdə daha təhlükəsiz enerji mənbələrindən istifadə olunması məsələsini gündəmə gətirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin təmsilçisi İvan Videnoviç təşkilatın nüvə enerjisi sahəsində üzv ölkələrlə əməkdaşlığından bəhs edərək deyib ki, 2008-ci ildə başlanan nüvə intibahı “Fukusima” AES-də baş verən qəzadan sonra bir qədər zəifləsə də, nüvə reaktoru yaratmaq istəyən ölkələrin sayında artım var. Yaxın gələcəkdə nüvə enerjisindən istifadə edəcək ölkələrin sayının 55-ə çatması gözlənilir. Nüvə enerjisindən istifadə böyük məsuliyyət tələb edir və agentlik bu istiqamətdə də iş aparır.
“Transqressiyanın azaldılması üçün nüvә vә bәrpa olunan enerjilәrin konvergensiyası” mövzusunda keçirilən ikinci paneldə Polşa Geologiya Elmlәri İnstitutu vә Azәrbaycan Radiasiya Problemlәri İnstitutunun elmi işçisi Dinara Abbasova mәdәni irsin öyrәnilmәsindә nüvә texnologiyalarının tәtbiqi ilә bağlı çıxış edib. O, arxeoloji abidәlәrin yaşının müәyyәn edilmәsindә әn yeni cihazlardan istifadә üsullarından danışaraq bildirib ki, Azәrbaycanda da bu istiqamәtdә tәdqiqatlara başlanılıb.
Azәrbaycan Nüvә vә Radioloji Fәaliyyәtin Tәnzimlәnmәsi üzrә Dövlәt Agentliyinin rәhbәri Vüqar Hüseynov Azәrbaycanda radiasiya vә nüvә tәhlükәsizliyinә nәzart sistemi ilә bağlı mәruzә edib. O, ölkәdә radiasiya vә nüvә tәhlükәsizliyi istiqamәtindә mәrhәlәli işlәrin aparıldığını bildirərək deyib ki, Azәrbaycan bu sahә ilә bağlı bir sıra beynәlxalq konvensiyalara vә sənәdlәrә qoşulub. Ölkәdә nüvә tәhlükәsizliyi mәsәlәlәrinin tənzimlənməsi üzrə qanunvericilik bazasının yaradılması istiqamətində davamlı iş aparılır.
Nüvə texnologiyaları və istilik-nüvə energetikası mövzusuna həsr olunan növbəti paneldə kimya üzrə Nobel mükafatı laueratı, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimi Rudolf Markus yeni üsullar əsasında günəş batareyalarının yaradılmasının nəzəri aspektlərindən danışıb.
Nüvə texnologiyaları və Azərbaycanda nüvə enerjisindən dinc məqsədlər üçün istifadə perspektivlərindən bəhs edən Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru Adil Qəribov bildirib ki, Azərbaycanda nüvə enerjisi sahəsində tədqiqatlar ötən əsrin ortalarından başlayıb. Prezidentin sərəncamı ilə yaradılan mərkəzin məqsədi ölkədə nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə enerjisinin tətbiqi, bu sahədə kadrların hazırlanmasından ibarətdir. Ölkədə nüvə enerjisindən istifadə istiqamətində atılacaq növbəti addımlara nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların qəbulu da daxildir.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edildi.