Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə

Bakı, 3 oktyabr (AzərTAc). Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın moderatoru, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirdə 6 Nobel mükafatı laureatının iştirak etməsini mühüm hadisə kimi dəyərləndirdi. Mövzunun aktuallığından bəhs edən Ə.Əmiraslanov məlumat verdi ki, “dəyirmi masa”da üç panel üzrə molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ilə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
“Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri” mövzusundakı paneldə professor Keri Benks Mullis biotexnologiyanın yaranma tarixindən, müxtəlif ölkələrdə bu sahədə aparılmış tədqiqatlardan, eləcə də öz təcrübələrindən danışdı. Molekulyar biologiyanın yüksək elm sahəsinə çevrildiyini diqqətə çatdıran alim vurğuladı ki, biotexnologiyalar artıq həyatımızın bütün sahələrinə nüfuz edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Nobel mükafatı laureatı, professor Ariye Varşel isə bioloji molekulların funksiyasının öyrənilməsi və xəstəliklərlə mübarizədə müasir texnologiyalardan istifadə sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs etdi. O, son 40-50 ildə dünyada bakterial dərman rezistentliyi ilə mübarizədə əldə olunmuş irəliləyişlərdən danışdı. Həmçinin, insanların ömrünün azalması səbəblərinin əsasən yoluxucu xəstəliklərlə bağlı olduğunu diqqətə çatdıraraq vurğulandı ki, müasir dövrdə tibb sahəsində antibiotiklərə qarşı müqavimətin artması ən kəskin problemlərdəndir. Bu problemin həllində əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür.
Nobel mükafatı laureatı Kurt Vütrix ötən əsrdəki fundamental tədqiqatların XXI əsrdə biologiya və tibbi diaqnostikadakı əhəmiyyətindən bəhs edərək dedi ki, elmi tərəqqinin əsasında fundamental tədqiqatlar dayanır. Elmin qloballaşdığı müasir dövrdə dünya elm adamları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi xüsusilə vacibdir.
Professor Tomas Kristian Züdhof kök hüceyrələrinin yaradılmasındakı çətinliklərdən, eləcə də kök hüceyrələrinin neyronlara çevrilməsi texnologiyalarından söz açdı.
Sonra məruzələr ətrafında fikir mübadiləsi aparıldı.
“Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri “ mövzusunda ikinci panel də maraqlı müzakirələrlə yadda qaldı.
Nobel mükafatı laureatı, professor Ervin Neyer 1976-1981-ci illərdə ion kanalları ilə bağlı aparılmış tədqiqatlardan danışaraq bildirdi ki, bu tədqiqatlar “insan biologiyası”nın öyrənilməsində, habelə bir sıra xəstəliklərlə mübarizədə böyük imkanlar açır. Hazırkı dövrdə dünyada yüzlərlə laboratoriya bu tədqiqatlardan yararlanır.
Professor Rudolf Martin Tsinkernagel isə məruzəsində immunçatışmazlığı virusu və vərəmə qarşı peyvəndin olmaması səbəblərini izah edərək dedi ki, həmin xəstəliklərə qarşı peyvəndlərin yaradılması ehtimalı ya çox azdır, ya da bu, mümkün deyil. Peyvəndin əhəmiyyətindən danışan alim bu kampaniya ilə bağlı əhali, xüsusilə gənclər arasında maarifləndirmənin aparılmasının zəruriliyini vurğuladı.
Professor Karol Sikoranın “Xərçəng: biotexnologiya üçün müvəffəqiyyət tarixi”, professor Enriko Proiettinin “Xərçəng əleyhinə peyvəndlər: xərçəngin müalicə və profilaktikası üçün yeni eradır”, professor Nikolay Zefirovun “Dərman kimyası – biologiya və kimyanın qovuşmasında olan elmdir” mövzularında məruzələri dinlənildi, müzakirələr aparıldı. Məruzələrdə son illər xərçəng xəstəliyinin müalicəsi sahəsində aparılmış tədqiqatlardan, gen terapiyası və onun əhəmiyyətindən danışıldı, habelə əhalinin maarifləndirilməsinin vacibliyi vurğulandı. Bu sahədə dünyada, o cümlədən Azərbaycanda mühüm işlərin görüldüyü diqqətə çatdırıldı.
Professor Gümrah Əliyevin “Yatmış gen ürək-damar, sinir və onkoloji xəstəliklərin inkişafının müasir alternativ nəzəriyyəsi kimi” mövzusunda məruzəsi maraqla qarşılandı. Professor Afiq Bərdəli isə “İnflammasomaya bağlı irsi xəstəliklər və hədəf müalicəsi” mövzusunda məruzə etdi.
Üçüncü panel isə müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektlərinə həsr olundu. Bu bölmədə professor Riçard Bört “Kök hüceyrələr, “ölülər” “dirilərə” yardım edir”, professor Nuru Bayramov “Transplantologiyada kök hüceyrələr” mövzularında məruzələrlə çıxış etdilər.
Alimlər müasir dövrdə tibbin yüksək inkişafı nəticəsində bəzi genetik xəstəliklərin qarşısının alınmasının mümkünlüyünə diqqət çəkərək qeyd etdilər ki, son illər bu istiqamətdə, habelə orqan transplantasiyası sahəsində böyük uğurlar əldə olunub.
Məruzələrdə hüceyrə müalicəsinin əhəmiyyətindən, bu sahədə qazanılmış uğurlardan, kök hüceyrəsindən tibb sahəsində geniş istifadə edilməsindən də bəhs olundu.
“Dəyirma masa”ya yekun vuran akademik Əhliman Əmiraslanov tədbirdə tibb sahəsi üçün son dərəcə dəyərli və aktual məsələlərin müzakirə edildiyini, tibb sahəsində dünyada əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verildiyini bildirdi. Dünyanın məşhur alimlərinə Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə minnətdarlığını bildirən akademik “dəyirmi masa”da aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini ifadə etdi.
Sonda IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olundu.