Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatıb
Forumun Bəyannaməsi qəbul olunub VİDEO

Bakı, 3 oktyabr (AzərTAc). Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu işini “dəyirmi masa”larda davam etdirib.
AzərTAc xəbər verir ki, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli və maraqlı diskussiyalar aparılıb.
Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər.
AzərTAc Forumun ikinci iş gününün gedişini “dəyirmi masa”lar üzrə şərh edir.

“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın
yeni meyilləri” adlı “dəyirmi masa” da informasiya
cəmiyyətinin bir sıra aktual problemləri müzakirə olunub

Oktyabrın 3-də “Hilton” otelində IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri”, “Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli”, “Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu” mövzularının hər biri ayrıca paneldə müzakirə olunub.
Birinci paneldə müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri, ikincidə müasir jurnalistikada “sosial media” adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, informasiya cəmiyyətinin bir sıra aktual problemləri, üçüncüsə isə müasir şəraitdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti iştirak ediblər.
“Dəyirmi masa”nı AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq iştirakçılara səmərəli iş, maraqlı diskussiyalar arzulayıb.
Baş direktor bildirib ki, ənənəvi, klassik media yeniliyə qarşı çıxmamalı, əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Yoxsa biz uduzarıq. Yeni yüksək texnologiyalar bizə də imkan verir ki, fəaliyyətimizi dövrün tələbinə uyğunlaşdıraq, işimizin forma və metodlarını dəyişək, rəqabət qabiliyyətimizi artıraq.
“Dünyamız sürətlə dəyişir, yüksək texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir. Bizim peşə sahəmiz olan media bu proseslərin mərkəzindədir”, – deyən A.Aslanov “dəyirmi masa”da rəqəmsal dövrdə medianın transformasiyası şəraitində inkişafın yeni meyillərinin, müasir jurnalistikanın dövrümüz üçün xarakterik olan spesifik problemlərinin müzakirə ediləcəyini, eyni zamanda, medianın inkişafının müasir trendlərinin müəyyənləşdiriləcəyini bildirib.
“Dəyirmi masa”nın birinci panelinə moderatorluq edən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətini qeyd edib.
Sosial medianın cəmiyyətin demək olar ki, bütün sahələrinin inkişafına öz təsirini göstərdiyini deyən M.Qusman son illərdə ənənəvi media və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrdən danışıb. O, bildirib ki, yeni media bir çox üstün cəhətləri ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.
Bölmə iclası məruzələrlə davam edib. Bu paneldə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Peter Kropş, Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, İtaliyanın AGI agentliyinin baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, “Time” jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova məruzələrlə çıxış ediblər.
Panel iclasının iştirakçıları ümumi maraqların, müxtəlif mədəniyyətlərin sivil dəyərlərinin təmas nöqtələri və bu prosesin müasir mediada necə əks olunması məsələsinə dair müzakirələr aparıblar.
Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında danışaraq bu mötəbər tədbirdə aktual mövzuların müzakirə edildiyini, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”da qaldırılan məsələlərin bunu bir daha sübut etdiyini bildirib.
Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova “İnformasiya müharibələrindən sivilizasiyalararası dialoqa - XXI əsr jurnalistikasının aktual vəzifəsi” mövzusunda məruzəsində informasiya təhlükəsizliyinin təmininin zəruriliyini bildirib, bu istiqamətdə Azərbaycanda görülən işlərdən danışıb. E.Axundova sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın töhfələrini xüsusi qeyd edib.
Malayziyanın BERNAMA Agentliyinin baş direktoru Yonq So Heonqun moderatorluğu ilə keçən ikinci paneldə Xorvatiyanın HINA Agentliyinin baş direktoru Branka Qabriela Valentiçin, AzərTAc-ın baş direktoru Aslan Aslanovun, Vyetnamın VNA Agentliyinin baş direktoru Nquyen Duk Loinin, Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyinin icraçı direktoru Camal Nasser Əl-Suvayderin, Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru Dmitriy Jukun, “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsuminin, “Rusiya İsveçrəsi” jurnalının naşiri və baş redaktoru Aleksandr Peskenin və Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri, dosent Aynur Bəşirlinin məruzələri dinlənilib.
Bu paneldə informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli, sosial medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, müasir informasiya cəmiyyətinin bir sıra digər aktual problemləri diqqət mərkəzində olub.
“Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə keçid labüddür” mövzusunda çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyətin transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə tamamilə yeni münasibətlərin və sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, gündəlik həyatımıza daxil olan internetin cəmiyyətin hər bir üzvünü informasiyanın həm istehlakçısına, həm də daşıyıcısına çevirdiyini, sözün əsl mənasında, internetin informasiya məkanında inqilab yaratdığını bildirib.
“Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia materialları istehsalından ayrılmazdır”, - deyən baş direktor diqqətə çatdırıb ki, sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən (“xəbər yaradanlardan”) və hadisələrin şahidlərindən alınmış məxsusi informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir. Məsələnin daha bir mühüm aspekti ondan ibarətdir ki, hər bir agentlik təkcə kollektiv deyil, həm də fərdi jurnalistlər deməkdir.
AzərTAc-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluq etdiyi üçüncü paneldə Rusiyanın “Moskovski komsomolets” qəzetinin redaktoru Janna Qolubitskaya, Macarıstanın “Yobbik” Partiyasının mətbuat xidmətinin rəhbəri Qeorqina Bernat, ABŞ-ın Yaxın Şərq İnstitutunun böyük elmi işçisi Aleks Vatanka, Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru Branka Slobodan Сukiç, Yunanıstanın Qadın Jurnalistlər Avropa Şəbəkəsinin prezidenti İren Nikolopoulou, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuela Sessa, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov məruzələrlə çıxış ediblər.
Bu paneldə müasir dövrdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı müzakirələr aparılıb.
Bütün panel iclaslarında mövzularla bağlı suallar cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.
ABŞ-ın “İrs” Fondunun elmi tədqiqatçısı Ariel Koen, beynəlxalq əlaqələr üzrə tanınmış amerikalı ekspert Peter Teys, Kaliforniya Universitetinin Beynəlxalq İnstitutunun dosenti Yael Varşel, İranın “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Əlyar və başqaları müzakirə olunan mövzulara dair fikirlərini bildiriblər.
“Dəyirmi masa”ya yekun vuran AzərTAc-ın baş direktoru Aslan Aslanov olduqca səmərəli müzakirələrin aparıldığını deyib, iştirakçılara təşəkkür edib.
Sonda Forumun Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Video