Anatoli Raxanski: Bakı Beynəlxalq Humanitar Forumu xoş təəssürat doğuran möhtəşəm tədbirlərdəndir

Bakı, 2 oktyabr (AzərTAc). Xoş təəssüratların hüdudu olmur. IV Bakı Beynəlxalq Humanitar Forumu da belə təəssürat doğuran möhtəşəm tədbirlərdəndir.
Bu sözləri Forumun iştirakçısı, “Ukrayna Ağsaqqallar Şurası” İctimai Birliyinin idarə heyətinin sədri, Avropa Şurası Parlament Assambleyasının elm, texnologiya, təhsil, mədəniyyət, KİV üzrə komitəsinin sabiq sədri Anatoli Raxanski AzərTAc-a müsahibəsində deyib.
Keçən il də Bakı Beynəlxalq Humanitar Forumunda iqtisadi məsələlər üzrə moderatorluq etdiyini deyən ukraynalı qonaq, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Forum yüksək səviyyədə keçirilir və iştirakçılar sırasında dünya şöhrətli alimlərin, o cümlədən Nobel mükafatı laureatlarının sayı ildən-ilə artır. Nobel mükafatı laureatları adi insanlar deyillər. Ola bilər ki, insan ömrü boyu onlarla görüşə bilməsin. Azərbaycanda yüksək səviyyəli Forumun təşkili belə alimlərlə ünsiyyət qurmağa imkan yaradır.
Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çox gözəl və məzmunlu nitq söylədiyini deyən Anatoli Raxanski dövlətimizin başçısının Avropa Şurası Parlament Assambleyasındakı çıxışlarının da həmişə böyük maraqla qarşılandığını diqqətə çatdırdı.
Ötən il keçirilən prezident seçkilərində Azərbaycanda olduğunu bildirən qonaq Prezident İlham Əliyevin xalqın etimadını seçicilərlə birbaşa ünsiyyətdə olaraq qazandığını vurğuladı.