Gertrud Tauxhammer: Azərbaycan həqiqətən Avropa ilə Asiya arasında körpüdür

Bakı, 2 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu elmin, təhsilin və mədəniyyətin inkişafına mühüm töhfə verir.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Avstriyanın Diplomatiya Cəmiyyətinin meneceri xanım Gertrud Tauxhammer AzərTAc-a müsahibəsində deyib.
Gertrud Tauxhammer bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu dünyada təhlükəsizliyin təmin olunmasına və xalqlar arasında dialoqun inkişafına zəmin yaradacaq. Qonaq deyib: “Belə bir Forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycan həqiqətən Avropa ilə Asiya arasında körpüdür”.
Avstriyalı qonaq Azərbaycan Prezidentinin müdrikliyi, düşünülmüş siyasəti nəticəsində bu mötəbər tədbirin başlıca məsələlər haqqında fikir mübadiləsi aparılması istiqamətində misilsiz bir məkana çevrildiyini qeyd edib.
Gertrud Tauxhammer şəhərimizin arxitekturasını, qədim və müasir tikililərini Fransanın Nitsa şəhərinə bənzədərək Bakının onda unudulmaz təəssürat oyatdığını xüsusi vurğulayıb.
Qonaq Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini bildirib.