Valdis Zatlers: Bakı Beynəlxalq Humanitar Forumu uzunömürlü olacaq

Bakı, 2 oktyabr (AzərTAc). Bakı Beynəlxalq Humanitar Forumu ənənəyə çevrilib.
AzərTAc xəbər verir ki, bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərə müsahibəsində deyib.
Valdis Zatlers bildirib ki, biz - Forum iştirakçıları bir-birimizi tanıyırıq, bundan əvvəlki forumları xatırlayırıq. Həmçinin Forumun işinə ilk dəfə qatılanlar da ilk andan onun tədbirlərində fəal iştirak edirlər. Bakı Beynəlxalq Humanitar Forumu uzunömürlü olacaq. Çünki bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə bir-birilərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda bu, sanki asandır. Lakin bunu reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacib amildir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız.